2008-ci il

İordaniyanın Mineral Ehtiyatlar Nazirinin müavini F.Hiyəri və Neftayırma şirkətinin müdiri H.Alavinin Azərbaycana səfəri (yanvar)

2008-ci ilin yanvar ayının ikinci yarısında İordaniyanın Energetika və Mineral Ehtiyatlar Nazirinin müavini Faruq Hiyəri və Neftayırma Şirkətinin müdiri Hüseyn Alavin Azərbaycana rəsmi səfər etmiş və səfər zamanı AR-in Sənaye və Enegetika Naziri N.Əliyevlə və Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşlər keçirilmişdir. Görüşlərdə Azərbaycan xam neftinin İordaniyaya ixrac edilməsi imkanlarının öyrənlməsinə  dair danışıqlar aparılmışdır.

İordaniya Kralı II Abdullahın Orta Asiya və Azərbaycan üzrə Şəxsi nümayəndəsi A.Vureykətin Azərbaycana səfəri (18 mart)

2008-ci il 18 mart tarixində İordaniya Kralı II Abdullahın Orta Asiya və Azərbaycan üzrə Şəxsi nümayəndəsi A.Vureykət Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində o, Azərbaycan Respubliksının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, AR Prezidentinin müdafiə və iqtisadi məsələlər üzrə köməkçiləri, habelə iqtisadi inkişaf naziri, AR Dövlət neft şirkətinin rəhbərliyilə görüşlər keçirmiş və ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə dair məsələləri müzakirə etmişdir.

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Naziri cənab Y.Camalovun İordaniyaya səfəri (31mart-3 aprel)

2008-ci ilin 31 mart – 3 aprel tarixində Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Yavər Camalovun rəhbərliyi ilə yüksək səviyyəli rəsmi nümayəndə heyəti Əmmanda keçirilmiş Xüsusi Əməliyyat Dəstələrinin VII Sərgi və Konfransında (SOFEX-2008) iştirak etmişdir. Nümayəndə heyətinin tərkibində AR Müdafiə Nazirinin müavini Çingiz Məmmədov və digər rəsmi şəxslər olmuşdur. Səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Yavər Camalov İordaniya Kralı II Abdullah, Baş nazir N. Zəhəbi və Şahzadə Feysal tərəfindən qəbul edilmişdir. 

Azərbaycan Respublikasının Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi cənab V.Əliyevin İordaniyaya səfəri (12 aprel)

2008-ci ilin 12 aprel tarixində Azərbaycan Respublikasının Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İordaniya Haşimilər Krallığına rəsmi səfər etmişdir. Səfər zamanı V. Əliyev İordaniya Kralı II Abdullah, İordaniya Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin Sədri Xalid Sarayrah, Kral Dizayn və İnkişaf (KADDB) Bürosunun rəhbəri Muəyyəd Samman ilə görüşmüş və İordaniyanın Xüsusi Təyinatlı dəstələrinin hazırlığı ilə yaxından tanış olmuşdur. Keçirilmiş görüşlərdə iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əlaqələrinin genişləndirilməsi ətrafında müzakirələr aparılmışdır.

İordaniya Haşimilər Krallığının Kralı II Abdullahın Azərbaycana  səfəri            (5-6 may)

  2008-ci ilin 5-6 may tarixində İordaniya Haşimilər Kralı II Abdullah Azərbaycana səfər etmişdir. Səfər zamanı Prezident İ.Əliyev və Kral II Abdullah arasında təkbətək və geniş tərkibdə keçirilmiş görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkanların olduğu vurğulanmışdır. Dövlət başçıları yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etmiş və hazırkı səfərin də ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildirmişlər. Söhbət zamanı ikitərəfli münasibətlərə, regional və beynəlxalq məsələlərə dair da fikir mübadiləsi aparılmışdır. Mayın 5-də Zuğulba dövlət iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın geniş tərkibdə görüşündən sonra dövlət başçılarının iştirakı ilə ikitərəfli sənədlərin imzalanma mərasimi olmuşdur. Səfər zamanı 2 saziş imzalanmışdır. 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Ə.Qarayevin İordaniyaya səfəri (30 iyun)

2008-ci ilin 30 iyun tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nairi cənab Əbülfəs Qarayev İordaniya Haşimilər Krallığına iki günlük rəsmi səfəri başlamışdır. Səfər zamanı Ə.Qarayev və İordaniyanın Mədəniyyət Naziri xanım Nensi Bəkir və Turizm Naziri Maha əl-Xatib arasında görüşlər keçirilmişdir. Görüşlərdə iki ölkə arasında turizm və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlıq əlaqələrinin genişlənməsi ətrafında müzakirələr aparılmışdır. Səfər çərçivəsində hər iki ölkənin turizm sahəsində iş adamlarının Biznes Forum keçirilmişdir.

İordaniyanın Qadın Məsələləri üzrə Milli Komissiyanın Baş katibi Əsma Xaderin Azərbaycana səfəri (26 sentyabr)

2008-ci ilin 26 sentyabr tarixində İordaniyanın Qadın Məsələləri üzrə Milli Komissiyasının Baş Katibi xanım Əsma Xader Azərbaycana səfər edərək, Bakıda keçirilmiş Azərbaycan Qadınlarının III Qurultayında iştirak etmişdir. Səfər çərçivəsində Ə.Xader Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva, AR Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin Sədri Hicran Hüseynova və digər rəsmi şəxslərlə görüşmüşdür.

İMZALANMIŞ SƏNƏDLƏR 

1. “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya” (5 may 2008-ci il tarixində Bakıda imzalanmışdır);

2. “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında Saziş” (5 may 2008-ci il tarixində Bakıda imzalanmışdır);

3. “Azərbaycan Respublikasının Sənaye Müdafiəsi Nazirliyi və İordaniya Haşimilər Krallığının Kral II Abdullah Dizayn və İnkişaf Bürosu arasında Saziş” (6 may 2008-ci il tarixində Bakıda imzalanmışdır);