2017 - cil il

2017 ilin 25-27 fevral tarixlərində Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev Əmmanda keçirilmiş müalicəvi turizm üzrə beynəlxalq forumda iştirak etmək üçün İordaniyada səfərdə olmuşdur.

2017-ci ilin 15-16 mart tarixlərində İordaniya Senatının sədri Feysal əl-Fayez V Qlobal Bakı Forumunda iştirak etmək üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə ölkəmizdə səfərdə olmuşdur. Səfər çərçivəsində F.əl-Fayezin Milli Məclisin sədri O.Əsədovla görüşü olmuşdur. Senat sədrindən əlavə İordaniyadan əvvəllər Senat sədri və baş nazir vəzifələrində çalışmış A.Ravabidə, T.əl-Masri, A.əl-Məcali də V Qlobal Bakı Forumuna dəvətlə həmin tarixlərdə Bakıda olmuşlar.   

2017-ci ilin 5-6 may  tarixlərində İordaniya şahzadəsi, Petra Milli İnam Fondunun prezidenti xanım Dana Firas IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda  iştirak etmək məqsədilə tarixlərində Bakıda səfərdə olub. Forum çərçivəsində Azərbaycanın birinci-vitse prezidenti Mehriban Əliyeva, UNESCO-nun baş direktoru İ.Bokova, Efiopiya və və Malinin birinci xanımları ilə birlikdə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa”da, habelə "Daha yaxşı gələcəyin qurulması naminə turizmin transformativ gücündən istifadə: Müştərək məsuliyyət" mövzusunda panel sessiyada iştirak edib.  Xanım D.Firas adı çəkilən sessiyada "Turizm dünyanı necə yaxşılaşdıra bilər?" mövzusunda çıxış edib. Bildirib ki, turizmin davamlı inkişafı üçün bu sahədə beynəlxalq təcrübəyə əsaslanan səmərəli metodlardan istifadə olunmalı, hər bir ölkənin sosial-iqtisadi reallıqlarına uyğun layihələr işlənilməlidir.

2017-ci ilin 5-6 may  tarixlərində Böyük Əmman Bələdiyyə Komitəsinin sədri Yusif əş-Şəvaribə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Bakıda səfərdə olub. Səfər çərçivəsində Y.əş-Şəvaribə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı H.Abutalıbov ilə görüş keçirib. Görüşdə iki şəhər arasında əməkdaşlıq və 2007-ci ildə Bakı və Əmman şəhərləri arasında imzalanmış əməkdaşlıq haqqında saziş barədə müzakirələr aparılıb.

2017-ci ilin 9-13 may  tarixlərində İordaniya Parlamenti Nümayəndələr Palatasının sədri A.ət-Tarauneh AR Milli Məclisinin sədri O.Əsədovun dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olub. Səfər çərçivəsində A.ət-Tarauneh Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilib.

2017-ci ilin 12-22 may tarixlərində Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmək məqsədilə İordaniyadan 11 idman növü (taykvando, tennis, cüdo, diskatma, üzgüçülük, karate, sərbəst güləş, boks, uşu, basketbol-3*3 və paraolimpiya) kişi və qadın olmaqla 74 idmançı ölkəmizə səfər etmişdir. 107 nəfərdən ibarət İordaniya nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin baş katibi Naser Eymən əl-Məcali rəhbərlik etmişdir.

2017-ci ilin 14 iyul tarixində Azərbaycan Milli Konservatoriyasının müəllimi, əməkdar artist Fəridə Məlikova Əmmanda konsert proqramı ilə çıxış edib. Konsert İordaniya Haşimilər Krallığı Abdul Hameed Şoman Fondunun təşkilatçılığı ilə Əmmanın tarixi Odeon Teatrında gerçəkləşib.

2017-ci ilin 18-20 iyul tarixlərində AR Milli Məclisinin deputatı Şahin İsmayılov Asiya Əhalisi və İnkişaf Assosiasiyasının təşkilatçılığı və İordaniya Senatının təşəbbüsü ilə Əmmanda keçirilmiş Asiya və Ərəb parlamentarilərinin Forumunda iştirak etmək üçün İordaniyada səfərdə olub.

2017-ci il 16-23 sentyabr. İslam ölkələrinin gəncləri arasında keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa yazı müsabiqəsinin qalibləri sırasında 4 nəfər İordaniya təmsilçisi də olub. Ölkəmizə səfər etmiş bu gənclərə AR Gənclər və İdman Nazirliyinin xüsusi diplomları və xatirə hədiyyələri təqdim edilib.

2017-ci il 25 sentyabr. AR xarici işlər naziri E.Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində İordaniya Haşimilər Krallığının xarici işlər naziri Ayman Safadi ilə görüşüb. Nazir E.Məmmədyarov bu il xarici işlər naziri təyin olunan A. Safadini xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı səviyyəsinə nəzər salınıb, əlaqələrin daha da inkişaf etdirilməsi yolları və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

2017-ci ilin 18-20 oktyabr  tarixlərində İordaniyanın əntiq əşyalar üzrə tanınmış eksperti, “Əl-Məsabb” (“Estuary”) Şirkətinin baş meneceri Məhəmməd əl-Bağdadi Bakıda keçirilən V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olmuşdur.

2017-ci ilin 7-11 noyabr  tarixlərində AMEA-nın prezidenti A.Əlizadə, vitse-prezidenti İ.Quliyev, akademik-katibi R.Əliquliyev, müxbir üzvü Q.İmanov, professor İ.Həmidov, kimya elmləri doktoru N.Zeynalov və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun sədri E.Babayev Dünya Elm Forumunda iştirak etmək üçün  İordaniyada səfərdə olmuşlar.

2017-ci ilin 20-22 dekabr  tarixlərində İordaniyanın dini qurumları rəhbərliyinin nümayəndələri 2017-ci ilin ölkəmizdə İslam ili elan edilməsi ilə bağlı Bakıda keçirilən yekun beynəlxalq tədbirdə (“2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans) iştirak etmək üçün ölkəmizdə səfərdə olmuşlar.