2016-06-20
Azərbaycanın kəlağayı və ipəkçilik sənəti İordaniyada təbliğ və təşviq edilir
Azərbaycanın simvollarından hesab edilən və ən qədim sənət növü sayılan kəlağayı sənətinin, eləcə də ipəkçiliyin təbliği bu gün ölkəmizin İordaniyadakı səfirliyinin fəaliyyətində əsas prioritetlərdən biridir.
Ölkəmizin xaricdə akkreditə olunmuş diplomatik nümayəndəlikləri Azərbaycanın kəlağayı və ipəkçilik sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edilməsi istiqamətində intensiv işlər aparırlar. Azərbaycanın İordaniyadakı səfirliyi də bu istiqamətdə müvafiq təbliğat-təşviqat işləri ilə məşğuldur.
Səfir Sabir Ağabəyov İordaniya Kral ailəsinin nümayəndələri, hökumət üzvləri, eləcə də bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşləri zamanı ənənəvi olaraq həmsöhbətlərinə kəlağayı və ipəkçilik sənəti ilə bağlı məlumat verib, onlara Azərbaycan kəlağayılarını hədiyyə edib.
İordaniyada artıq ənənə halını almış və hər il keçirilən “Diplomatik bazar”da səfirliyimizin guşəsinin əsas hissəsini kəlağayılar bəzəyib, həm bazara gələn şəxslər, həm də tədbir iştirakçılarının böyük marağına səbəb olub.
İordaniyadakı Azərbaycan diasporunun üzvləri də həm səfirlik tərəfindən onlara verilmiş, həm də özlərinin Azərbaycandan gətirdikləri kəlağayıları iordaniyalılara hədiyyə edərək xalqımızın bu qədim sənət nümunəsinin təbliğinə öz töhfələrini veriblər.
Həmçinin onu da qeyd etmək lazımdır ki, səfirliyin inzibati binasının foyesində Azərbaycanın kəlağayı və ipəkçilik sənətinin tarixini, yayılma arealını və digər zəruri məlumatları özündə əks etdirən stend qoyulub.
növbəti xəbər əvvəlki xəbər