2014-05-12
Əmman şəhərində ümummilli lider Heydər Əliyevin adına meydanın və fəvvarənin açılışı olmuşdur
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyi tərəfindən bir sıra tədbirlər təşkil edilmişdir.
Mayın 12-də səfirlikdə sərgi keçirilmiş, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və videolar nümayiş etdirilmişdir. Sərgidə İordaniya parlamentinin Yuxarı Palatasının tərkibində fəaliyyət göstərən İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin üzvləri, ölkədə akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin təmsilçiləri və səfirliyin əməkdaşları iştirak etmişlər.

Sərginin açılışında çıxış edən səfir Sabir Ağabəyov müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin şərəfli həyat yolundan, Ulu Öndərin xalqımız və Vətənimiz qarşısındakı əvəzsiz xidmətlərindən danışmışdır.
İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin üzvü Saleh Ruşeydat çıxış edərək İordaniya və Azərbaycan arasında mövcud əməkdaşlıq əlaqələrinin bünövrəsinin məhz Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd etmiş, xalqlarımız arasındakı qardaşlıq münasibətlərinin inkişafından məmnunluğunu bildirmişdir.
Səfirlikdə təşkil edilmiş sərginin başa çatmasından sonra tədbir iştirakçıları Əmmanın Bədr rayonunda yerləşən Heydər Əliyev prospektinə yola düşmüşlər. Burada tədbir iştirakçılarına Böyük Əmman Bələdiyyəsinin meri Aqel Biltaci, Bədr rayonunun bələdiyyə sədri və rayonun sakinləri qoşulmuşlar. Ümumilikdə tədbirdə 250-dək insan iştirak etmişdir.
Rayondakı Heydər Əliyev prospektində Ulu Öndərin adını daşıyan meydanın və fəvvarənin açılış mərasiminə toplaşanları salamlayan Böyük Əmman Bələdiyyəsinin meri Aqel Biltaci Azərbaycan xalqının əbədiyaşar lideri Heydər Əliyevin adına Əmmanda prospektin olmasının, Bakıda isə gözəl küçələrdən birinin mərhum Kral Hüseyn bin Talalın adını daşımasının ölkələrimiz və xalqlarımız arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu vurğulamışdır.

İordaniya Senatının üzvü, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, senator Mərvan əl-Hmud Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iki ölkə arasında əlaqələrin əsasının qoyulmasındakı xidmətləri barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov çıxış edənlərə dahi lider Heydər Əliyev haqqında söylədikləri xoş sözlərə görə minnətdarlığını ifadə etmişdir. O, Ulu Öndərin adına meydanın və fəvvarənin açılışının Böyük Əmman Bələdiyyəsi və səfirliyin əməkdaşlığı nəticəsində mümkün olduğunu bildirmişdir. Ümummilli lider Heydər Əliyevin adını daşıyan prospektdə qurulmuş meydanda ucaldılmış fəvvarə İordaniyanın milli rəmzi - qara süsən formasında inşa edilmişdir.
Açılış lentinin kəsilməsindən sonra Əmmanın Bədr rayonunun sakinləri çıxış edərək belə bir tarixi ana şahidlik etdikləri üçün təşkilatçılara minnətdarlıqlarını bildirmiş, Heydər Əliyevin adının daim qəlblərdə yaşayacağına əminliklərini bildirmişlər.
Böyük Əmman Bələdiyyəsinin meri A.Biltaci ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə səfir S.Ağabəyova rəmzi hədiyyə təqdim etmişdir.
Meydan ətrafında tikinti prosesini əks etdirən stendlər quraşdırılmışdır.
Yerli kütləvi informasiya vasitələrində bu hadisə ilə əlaqədar yazılar dərc edilmişdir.

növbəti xəbər əvvəlki xəbər