2015-04-26
Azərbaycan-İordaniya əlaqələrinin perspektivləri müzakirə olunmuşdur
Aprelin 26-da Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan İordaniya Senatının sədri Abdur-Rauf Ravabdehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, Oqtay Əsədov ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından danışmışdır. Milli Məclisin sədri əməkdaşlığın möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və parlamentlərarası əlaqələrin rolunu xüsusi vurğulamışdır. O, xüsusilə hər iki ölkə arasında humanitar və mədəni sahələrdə əlaqələrin məmnunluq doğurduğunu söyləmiş, iqtisadi əməkdaşlığın da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin sədri Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırmışdır. İordaniyanın daim Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini deyən Oqtay Əsədov bu ölkənin Senatı tərəfindən Xocalı soyqırımı ilə bağlı bəyanatın qəbul edilməsinin bunun bariz nümunəsi olduğunu vurğulamışdır. 
Abdur-Rauf Ravabdeh Azərbaycan ilə İordaniya arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirmişdir.
O vurğulamışdır ki, İordaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe dəyişməzdir.
Görüşdə ölkələrimiz arasında gələcək əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılmışdır.
 
 
növbəti xəbər əvvəlki xəbər