2015-04-25
Sabir Ağabəyov: İordaniyanın təcrübəsi Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda müzakirələrdə maraq doğura bilər
Əmman, 25 aprel (AzərTAc). Aprelin 27-29-da Bakıda II Qlobal Müştərək Cəmiyyətlər Forumu keçiriləcəkdir. Forumda ən geniş nümayəndə heyəti İordaniyanı təmsil edəcəkdir. Bu fakt ölkələrimiz arasında yaranmış dostluq və əməkdaşlıq ruhuna tam uyğundur. 
Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov bu fikri AzərTAc-ın müxbirinə müsahibəsində söyləmişdir. 
Onun sözlərinə görə, Azərbaycan və Madrid klubu tərəfindən keçirilən bu nüfuzlu forumda İordaniya nümayəndə heyətinə ölkənin sabiq baş naziri, İordaniya senat şurasının sədri Əbdülrauf əl-Ravabde və sabiq baş nazir, senatın sədri, beynəlxalq Nizami Gəncəvi mərkəzinin üzvü Tahir əl-Məsri rəhbərlik edəcəkdir. Nümayəndə heyətinə Azərbaycanın dostları – qadın məsələləri üzrə dövlət naziri və senatın üzvü Əsma Hader, parlamentin xarici əlaqələr komissiyasının rəhbəri, bu yaxınlarda yaradılmış Azərbaycanla dostluq parlament qrupunun rəhbəri Nazim Qaşou, baş nazirin sabiq müavini, hazırda senat şurasının üzvü, İordaniya-Azərbaycan dostluq cəmiyyətinin sədri Mərvan əl-Hmud, senatorlar Mahmud Alsaqur, Cəfər Hüneyti, Saleh Rüşeydad və başqaları daxildir. 
Azərbaycan səfiri Sabir Ağabəyov demişdir: “Bu ildən etibarən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuş İordaniyanın nümayəndə heyəti forumda fəal iştirak edəcəkdir. Görüşdə təhsil, sosial müdafiə, qadınların cəmiyyətdə rolunun artırılması sahəsində BMT səviyyəsində qarşıda duran məsələlər və digər aktual mövzular müzakirə olunacaqdır. 
Nümayəndə heyətinin üzvləri həm də ölkələrin beynəlxalq hüquq çərçivəsində tanınmış ərazi bütövlüyünün təmin edilməsi məsələlərinə dair diskussiyalarda iştirak edəcəklər. Məlum olduğu kimi, İordaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dönmədən və birmənalı şəkildə dəstəkləyən ölkədir. Xatırladaq ki, İordaniyanın ali rəhbərliyi hər iki ölkənin üzv olduğu BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanı daim dəstəkləyir. 
2013-cü il iyunun 19-da İordaniyanın ali qanunverici orqanı – senat Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar qətnamə qəbul etmişdir. Təcavüzü, müsəlman-azərbaycanlı əhaliyə qarşı zorakılığı və insan hüquqlarının pozulmasını pisləyən, Ermənistan-Azərbaycan münaqişəsini beynəlxalq hüququn əsas prinsip və normaları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll etməyə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağıran bu sənəd ölkələrimizin münasibətlərində xüsusi əhəmiyyət kəsb edir. Sənəddə həm də Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək, qaçqınlara və məcburi köçkünlərə kömək etmək barədə çağırış vardır”. 
Diplomat bir məqamı da xüsusi qeyd etmişdir ki, xalqlarımız arasında çoxtərəfli münasibətlər və dostluq tarixi, mədəni və mənəvi dəyərlərin çoxəsrlik ümumiliyinə əsaslanır. Bu gün Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında münasibətlər dinamik inkişaf edir, ikitərəfli münasibətlərin bütün spektri üzrə əməkdaşlıq genişlənir və dərinləşir. 
Bununla yanaşı, ali səviyyədə əlaqələrin mükəmməl mexanizmi yaradılmışdır. Bu əlaqələr çərçivəsində iki ölkənin rəhbərləri arasında müntəzəm görüşlər keçirilir. Dövlətlərimizin başçıları – Prezident İlham Əliyev və kral ikinci Abdulla arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəsi sayəsində Azərbaycan ilə İordaniya arasında münasibətlər strateji xarakter daşımağa başlamış, keyfiyyətcə yeni səviyyəyə çatmışdır. 2006-cı ilin avqust ayında, 2008-ci ilin may ayında, 2010-cu ilin may ayında Kral ikinci Abdullanın ölkəmizə rəsmi səfərləri zamanı, habelə Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ilin iyul və 2009-cu ilin oktyabr aylarında İordaniyaya rəsmi səfərləri zamanı yüksək səviyyədə görüşlər keçirilmişdir. 
Azərbaycan və İordaniya suverenlik, təhlükəsizlik və inkişaf ilə bağlı həyati əhəmiyyətli məsələlərdə birmənalı olaraq bir-birini dəstəkləyir. Son illərdə qarşılıqlı siyasi və strateji etimad durmadan artır, ən mühüm beynəlxalq və regional məsələlərdə sıx qarşılıqlı əlaqə saxlanılır. Bu, ölkələrimizin də tərkib hissə kimi daxil olduğu beynəlxalq münasibətlər sistemində ümumi maraqların müdafiəsi üçün zəruridir. Eyni zamanda, hər bir ölkə öz regionunda və dünyada xüsusi nüfuz və siyasi söz sahibidir. Dövlətlərimizin rəhbərləri tərəfindən həyata keçirilən düşünülmüş və tarazlaşdırılmış siyasət qlobal və regional təhlükəsizlik sistemində onların xüsusi yerini təmin etmişdir və məhz bu amillər Azərbaycan ilə İordaniyanın yaxınlaşmasında müstəsna rol oynamaqda davam edir. 
Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov demişdir: “Xüsusi vurğulamaq lazımdır ki, krallıq özünün dinc və ölçülüb-biçilmiş xarici siyasəti sayəsində Yaxın Şərqdə qüvvələr balansının formalaşmasında fəal rol oynayır və bu regionda sabitliyin mühüm amilidir. Bununla əlaqədar, dünyanın 54 ölkəsindən görkəmli ictimai-siyasi xadimlərin toplaşacağı Bakı forumunda aktual beynəlxalq məsələlərin müzakirəsində bu ölkənin təcrübəsi xüsusi maraq doğurur”.
S.Ağabəyov onu da bildirmişdir ki, Milli Məclisin sədri Oqtay Əsədov İordaniya nümayəndə heyətini qəbul edəcəkdir. İki ölkənin parlament üzvləri arasında görüşlər də nəzərdə tutulmuşdur. Bundan əlavə, Bakıda Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi və İordaniyanın müvafiq komitəsi arasında əməkdaşlıq haqqında saziş imzalanacaqdır. 
Asya Hacızadə 
AzərTAc-ın xüsusi müxbiri 
Əmman
növbəti xəbər əvvəlki xəbər