2015-04-17
Senator Mərvan əl-Hmud: Azərbaycanda müşahidə olunan möhtəşəm inkişaf və tərəqqi qürur hissi doğurur və ən yüksək tərifə layiqdir
Bu gün Azərbaycan dünya arenasında xüsusi yer tutan güclü, müasir, dinamik inkişaf edən dövlətdir.
İordaniya Senat Şurasının üzvü, Ərəb-Afrika parlamentinin əhali və inkişaf üzrə forumunun baş katibi, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Azərbaycanla dostluq üzrə parlament qrupunun üzvü Mərvan əl-Hmud bu fikri AzərTAc-ın müxbirinə müsahibəsində söyləmişdir. Onun sözlərinə görə son illərdə Azərbaycan irəliyə doğru böyük sıçrayış etmiş, qabaqcıl və inkişaf etmiş dövlətə çevrilmişdir. 
Senator demişdir: “Həqiqətən Azərbaycan haqqında danışanda qəlbimiz Azərbaycan xalqına, sizin ölkənizin rəhbərliyinə böyük sevgi, rəğbət və dərin hörmət hissi ilə döyünür. Sevindirici haldır ki, dövlətlərimizin başçıları – Kral II Abdulla və Prezident İlham Əliyev arasında ikitərəfli münasibətlərin xarakterini müəyyən edən qardaşlıq və dostluq münasibətləri yaranmışdır. Bu da öz növbəsində bizim işimizi asanlaşdırır, əməkdaşlığın bütün istiqamətləri üzrə qarşılıqlı əlaqələri fəallaşdırmağa stimul yaradır. Bunun sayəsində hər iki xalqın rifahı naminə daha sıx əməkdaşlıq üçün, əlavə imkanlar və şanslar tapmaq üçün ölkələrimizin hakimiyyət şaxələrinin nümayəndələri arasında müntəzəm görüşlər keçirilir.
Bildiyiniz kimi, ölkələrimiz arasında çoxsaylı razılaşmalar əldə edilmiş, müxtəlif sahələrdə əməkdaşlıq haqqında müvafiq sazişlər imzalanmışdır. Şübhəsiz, bütün bunlar rəsmi və ictimai əlaqələrin genişlənməsinə şərait yaradır. İordaniya və Azərbaycan parlamentlərində yaradılmış və uğurla fəaliyyət göstərən dostluq qrupları xüsusi əhəmiyyət kəsb edir. Bu qrupların üzvləri daim əlaqə saxlayır, qarşılıqlı səfərlər edir, konkret qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edirlər. Qarşılıqlı əlaqələrin bu formatı münasibətlərin möhkəmlənməsinə müsbət təsir göstərir, xalqlarımızı bir-birinə yaxınlaşdırır, qarşılıqlı fəaliyyətin daha səmərəli olması üçün yeni şanslar yaranmasına kömək edən imkanları öyrənməyə şərait yaradır. 
Azərbaycanın və İordaniyanın yüksək ixtisaslı peşəkar diplomatlarının rolunu xüsusi qeyd etmək istərdim. Onlar əməkdaşlığın aktual məsələləri ilə məşğul olurlar. Məsələn, İordaniya ilə münasibətlərdə böyük təcrübəsi olan səfir Elman Araslının rəhbərlik etdiyi Azərbaycanın İordaniyadakı diplomatik missiyası ikitərəfli əlaqələrin möhkəmlənməsi üçün çox iş görmüşdür. Bizim yaratdığımız İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti artıq altı ildir ki, fəaliyyət göstərir. 
Azərbaycanın İordaniyadakı indiki səfiri Sabir Ağabəyovun bu işə böyük töhfəsi də xüsusi diqqətə layiqdir. Peşəkar diplomat və cəlbedici bir insan olan S.Ağabəyov bu xeyirxah ənənəni uğurla davam etdirir və ölkələrimiz arasında münasibətlərin inkişafı üçün çox iş görür. O, İordaniyada çox yaxşı münasibətlər yaratmışdır və öz işində bütün sahələrdə - siyasi, iqtisadi, ictimai, mədəni sahələrdə münasibətləri fəallaşdırmaq və onlara yeni təkan vermək üçün çox səy göstərir. 
Bütövlükdə ölkələrimiz arasında çox yaxşı, etimada əsaslanan münasibətlər yaranmışdır.
Bu ayın sonunda İordaniya nümayəndə heyəti Azərbaycanda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün ölkənizə səfər edəcəkdir. Həmin konfransa senat şurasının sədri Əbdülrauf əl-Ravabde və senatın bir neçə üzvü, habelə Azərbaycanla dostluq qrupunun nümayəndələri dəvət edilmişlər. Ümidvarıq ki, səfərin gedişində hər iki ölkənin parlamentariləri arasında əlavə görüşlər də təşkil ediləcəkdir. Çünki bu cür görüşlər əməkdaşlıq sərhədlərini genişləndirmək üçün əlverişli şərait yaradır”.
M.Hmud xüsusi vurğulamışdır ki, Bakıda qarşılıqlı maraq doğuran bir sıra problemlər, o cümlədən iqtisadi əməkdaşlığın mühüm tərkib hissəsi olan turizmlə bağlı məsələlər qaldırılacaqdır. Senator demişdir: “Biz hər iki istiqamətdə turizmin fəallaşdırılması üçün qarşılıqlı faydalı yollar axtaracağıq. Çünki ölkələrimizin hər ikisi qədim və zəngin mədəniyyətə malikdir”.
İordaniya parlamentinin üzvü Azərbaycanda müşahidə etdiyi böyük dəyişikliklər haqqında xatirələrini və təəssüratlarını da bölüşmüşdür. O demişdir: “Mən Azərbaycana ilk dəfə 1982-ci ildə Bakıda keçirilən Sovet-İordaniya dostluq həftəsi çərçivəsində Sovet-İordaniya dostluq komissiyasının üzvü kimi olmuşam. Mən böyük bir nümayəndə heyətinin üzvü idim. Bizə İordaniya parlamentinin sədri başçılıq edirdi. Çoxsaylı siyasi, ictimai və mədəni tədbirlərdə iştirak etdik. Bakı ilə hələ o vaxtdan yaxşı tanışam. Böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevlə görüş, əlbəttə, ən yaddaqalan oldu. Bu böyük insan öz dərin zəkası, siyasətçi istedadı, hərtərəfli bilikləri ilə hamımıza güclü təsir bağışladı. O, çox böyük siyasi xadim idi. Üç il bundan əvvəl Azərbaycanda olanda şəhərin simasında müşahidə etdiyim dəyişikliklər, nəhəng tikintilər, ölkədə baş vermiş dərin dəyişikliklər məni heyran etdi. 
Azərbaycanın iqtisadi uğurları da təsirlidir. Ölkəniz müstəqilliyini bərpa edəndən sonra Azərbaycanın bütün resursları xalqın rifahını artırmaq məqsədilə prioritet istiqamətlərdə, məqsədyönlü şəkildə istifadə edilməyə başlamışdır. Bir fakt xüsusi diqqətə layiqdir ki, yeni, müasir binalar, tikililər ucaldılmasına baxmayaraq, şəhərin müasirliklə üzvi şəkildə uyğunlaşan ənənəvi qədim simasını qoruyub saxlaya bilmisiniz. Bu əlaqə şəhərə çox gözəl və bənzərsiz görkəm verir. Bakını və onun bütün görməli yerlərini əvvəlcədən tanımasaydım, düşünərdim ki, tamam başqa bir şəhərə, başqa bir aləmə düşmüşəm. Bu, ölkədə müdrik və məsuliyyətli rəhbərliyin olmasını, xalqın ruhunu və öz ölkəsinin ehtiyaclarını dərindən anlamasını əyani şəkildə nümayiş etdirir. Azərbaycanda müşahidə olanda bu möhtəşəm inkişaf və tərəqqi qürur hissi doğurur və ən yüksək tərifə, qiymətə, dərin hörmətə layiqdir.
Biz Azərbaycanda çox dəyərli yerlərdə, neft mədənlərində və başqa obyektlərdə olduq və yəqin etdik ki, inkişaf və modernləşmə bütün sahələrə - iqtisadi, maliyyə və ticarət, tikinti, kənd təsərrüfatı, texnologiyalar və başqa sahələri əhatə edir. Azərbaycan rəhbərliyi çox böyük iş görmüş, ölkənin simasının dəyişdirilməsi üçün prioritetləri və yanaşmaları dəqiq müəyyən etmişdir. Əks halda, ölkə rəhbərliyinin siyasi iradəsi, ölkə vətəndaşları ilə əməkdaşlığa cavabdeh insanların səyləri olmadan bu cür möhtəşəm dəyişikliklər mümkün deyil. 
Bakıda olarkən görkəmli siyasi xadim, prezident İlham Əliyev bizi qəbul etdi. Görüşdən sonra mən ona Heydər Əliyevin həyatı haqqında ərəb dilinə tərcümə olunmuş kitabı hədiyyə etdim. Prezident təşəkkürünü bildirərək dedi ki, Heydər Əliyevin həyatı haqqında kitab ona ən qiymətli hədiyyədir. 
Mərvan əl-Hmud Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə İordaniyanın mövqeyi məsələsini şərh edərək bildirmişdir ki, onun ölkəsi bütün məsələlərdə Azərbaycanı dəstəkləyir və həmişə Azərbaycanın tərəfindədir. İordaniya Azərbaycanın ədalətli mövqeyini xüsusi dəstəkləyir, ərazi bütövlüyünün bərpa edilməsinə, qaçqınların və məcburi köçkünlərin öz tarixi torpaqlarına qaytarılmasına tərəfdardır. Senator demişdir: “Qarabağ problemində biz BMT-də Azərbaycanın mövqeyini dəstəkləyirik. Eyni zamanda biz iki tərəf arasında münaqişənin dinc yolla tənzimlənməsinə tərəfdarıq və bu məsələnin Azərbaycanın xeyrinə sülh yolu ilə həll olunacağına ümid bəsləyirik. Qeyd etmək lazımdır ki, bir sıra beynəlxalq problemlər barəsində dövlət başçılarımızın mövqeləri üst-üstə düşür və ölkələrimiz bir çox məsələlərdə bir-birini dəstəkləyir”.
Senator İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin və parlament dostluq qrupunun fəaliyyəti barədə də danışmışdır. O vurğulamışdır: Şübhəsiz, bizim fəaliyyətimizdə ikitərəfli əlaqələrin genişlənməsi üçün bütün zəruri addımlar atılır. Prioritet istiqamətlərdən biri Dağlıq Qarabağ münaqişəsi haqqında ictimaiyyətin məlumatlandırılmasıdır. Bu məqsədlə keçirilən konfransda biz Qarabağ problemi barədə dövlətimizin və xalqımızın bu məsələyə dair mövqeyi barədə ətraflı söhbət açdıq. Konfransın yüzlərlə iştirakçısına obyektiv məlumat verildi.
Humanitar əlaqələrimizi möhkəmləndirən mədəni və ictimai fikir mübadilələrini, qarşılıqlı səfərləri xüsusi vurğulamaq istərdim. Bundan əlavə vaxtaşırı keçirilən yığıncaq və iclaslarda yaxın gələcək üçün planlar və layihələr, o cümlədən iqtisadi xarakterli və başqa məsələlər müzakirə edilir. Biz həm də müştərək tədbirlərdə, milli bayramlarda fəal iştirak edirik. Bununla yanaşı hazırda biz Elvira Araslının “Mənim məhəbbətim İordaniya” kitabını ərəb dilindən ingilis dilinə tərcümə edirik, həmin kitabı İordaniyanın bütün səfirliklərində yaymaq nəzərdə tutulur”.
İordaniyalı məşhur siyasətçi söhbətinin sonunda bir daha vurğulamışdır ki, bu gün ölkə rəhbərliyinin dəqiq və aydın strategiyası sayəsində Azərbaycan mütəşəkkil və məqsədyönlü şəkildə inkişaf edir. O demişdir: “Azərbaycanı tərəqqi və firavanlığa aparan siyasi iradə hiss olunur. Azərbaycan rəhbərliyi bunun üçün çox səy göstərir, təbii ehtiyatlar hesabına əldə edilən gəlirləri iqtisadiyyatın bütün sahələrinin modernləşdirilməsinə yönəldir. Özü də bu inkişaf ölkə həyatının bütün sahələrini, iqtisadiyyatın bütün sektorlarını əhatə edir. Heç bir sfera diqqətdən kənarda qalmır. Ona görə də bu gün Azərbaycan haqlı olaraq dinamik inkişaf edən, parlaq perspektivləri olan ölkələrdən biri hesab edilir”.

 
növbəti xəbər əvvəlki xəbər