2015-04-10
Azərbaycan səfiri İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin üzvləri ilə görüşmüşdür
Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov İordaniya Haşimilər Krallığı Senatındakı İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin üzvləri ilə görüşmüşdür.
Qardaşlıq Komitəsinin sədri Mohammad Al-Sqour İordaniya-Azərbaycan münasibətlərinin tarixindən və inkişaf mərhələlərindən söhbət açmış, hər iki ölkənin dövlət başçılarının möhkəm dostluq münasibətlərinin xalqlar arasındakı münasibətlərə də təsir etdiyini bildirmişdir. Siyasi və hərbi sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən M.Al-Sqour iqtisadiyyat, turizm və səhiyyə sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır. Regionda baş verən “ərəb baharının” yaratdığı fəsadların İordaniyadan da yan keçmədiyini vurğulayan komitə sədri, bunun ölkənin iqtisadi və sosial həyatına böyük zərbə vurduğunu qeyd etmişdir.
Səfir S.Ağabəyov İordaniya Senatında yaradılmış Qardaşlıq Komitəsinin ölkələrimiz arasındakı əlaqələrin inkişafına dəstək olacağını bildirərək, ikitərəfli münasibətlərin daha da inkişafı üçün qarşıda duran vəzifələr, səfirlik tərəfindən il ərzində bu istiqamətdə görüləcək işlər barədə söhbət açmışdır. Həm ikitərəfli, həm də beynəlxalq formatda baş tutan tədbirlərdə ənənəvi olaraq hər iki ölkənin yüksək vəzifəli məmurlarının iştirak etdiyini bildirən diplomat, cari il aprelin 27-dən 29-dək Bakıda keçiriləcək II Cənubi Qafqaz Forumuna İordaniyadan böyük nümayəndə heyətinin iştirak edəcəyini bildirmişdir.
Keçən ilin iyun ayında İordaniya Senatı tərəfindən Xocalı soyqırımının tanınması haqqında bəyanatın verilməsini böyük məmnunluqla xatırladan diplomat, bu sənədin qəbulunda fəallıq göstərmiş deputatlara ölkəmiz adından dərin minnətdarlığını bildirmişdir.
Sonra Qardaşlıq Komitəsinin üzvlərindən İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, senator Mərvan Al-Hmoud, senatorlar Cəfər Al-Huneyti, Təğrid Hikmət və Emili Naffa görüşdə müzakirə olunan mövzular üzrə rəy və təkliflərini bildirmişlər.

növbəti xəbər əvvəlki xəbər