2017-02-15
İordaniya mətbuatı Xocalı soyqırımı barədə yazır

İordaniyanın “Uruba” xəbər agentliyinin saytında və “Əl-Diyar” qəzetində Xocalı soyqırımına həsr olunan məqalələr dərc edilib.

Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verilir, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti pislənilir. Xocalı faciəsinin insanlığa qarşı cinayət olduğu diqqətə çatdırılır. Bildirilir ki, Ermənistan hərbi birləşmələri tərəfindən Xocalıda törədilmiş qırğında 613 nəfər həlak olub, 150 nəfər itkin düşüb.

Məqalələrdə səfir Sabir Ağabəyovun, Senatda İordaniya-Azərbaycan qardaşlıq komitəsinin sədri senator Mərvan əl-Hmudun, Baş nazirin sabiq müavini Saleh Ərşidatın, Nümayəndələr Palatasının sabiq üzvü Hazem Qaşounun, diplomat Muvaffaq əl-Acluninin, sabiq mədəniyyət naziri Samir Habaşnenin, yazıçı, Tədqiqatlar və İnformasiya Məsləhətləşmələri üzrə “Ərəbçilk evi”nin baş direktoru Sultan Haşim Xəttabın, yazıçı-jurnalist, tarixçi Ömər əl-Armutinin və başqalarının Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyən, ölkəmizə qarşı erməni təcavüzünə son qoyulmasını, Xocalıda törədilən qırğının dünya ictimaiyyəti tərəfindən soyqırımı və müharibə cinayəti kimi tanınmasını, işğal olunmuş Azərbaycan torpaqlarının tam azad edilməsini tələb edən çıxışları haqqında bəhs olunur.

Məqalələrdə, səfir S.Ağabəyova istinadən erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyi və bununla da bir milyondan artıq azərbaycanlının öz yurdundan didərgin düşdüyü diqqətə çatdırılır, Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşilikdən bəhs edilərək onların amansızcasına qətlinin bütün bəşəriyyətə qarşı cinayət olduğu vurğulanır.

Məqalələrdə, həmçinin Xocalı soyqırımı ilə bağlı tarixi faktlar diqqətə çatdırılır, Ermənistanın bölgədə davam edən təxribatları, Azərbaycan Ordusunun uğurlu aprel döyüşləri və həmin döyüşlər nəticəsində düşməndən azad edilmiş ərazilərdə yenidənqurma işlərinə başlanması barədə məlumat verilir.

növbəti xəbər əvvəlki xəbər