2019-06-24
Cari ilin 16 iyun tarixində paytaxt Əmmanda tanınmış “Le Grand Amman” mehmanxanasında 28 May – Respublika Günü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə rəsmi qəbul keçirilib.

Qəbulda əsas qonaq qismində Krallığın Siyasi və Parlament məsələləri üzrə naziri Musa əl-Maayta iştirak edib. Həmçinin İordaniyanın dövlət və hökumət rəsmiləri, Əmman şəhərinin meri, senatorlar, sabir baş nazirlər, nazirlər və xarici ölkələrin Əmmanda akkreditə olunmuş diplomatik missiyalarının rəhbərləri və diplomatik heyət üzvləri ziyafətə qatılıblar.

Dövlət himnləri səsləndirildikdən sonra nitqlə çıxış edən səfir R.Rzayev 28 May – Respublika Günü ətrafında dolğun məlumatlar təqdim etdiyi zaman 28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk parlament quruluşlu ölkənin – Azərbaycan Demokratik Respublikasının yarandığını və Azərbaycan diplomatiyasının səyləri nəticəsində 11 yanvar 1920-ci ildə Paris Sülh Konfransı tərəfindən rəsmən tanındığını ziyafət iştirakçılarının diqqətinə çatdırıb, 23 ay ömür sürmüş Respublikanın demokratiya, azadlıq kimi prinsiplərin təməlini qoymağa müvəffəq olduğuna diqqət çəkib.

18 oktyabr 1991-ci il tarixində XX əsr ərzində ikinci dəfə öz müstəqilliyini elan edən Azərbaycan Respublikasının ilk illərdə mövcud daxili siyasi, iqtisadi və ictimai problemlər, habelə Ermənistanın hərbi təcavüzü fonunda öz müstəqilliyini itirmə təhlükəsi ilə üzləşdiyini xatırladan səfir yalnız ulu öndər Heydər Əliyevin böyük siyasi təcrübəsi sayəsində həmin təhlükənin aradan qalxdığını, ölkəmizdə demokratik dövlətin əsaslarının qoyulduğunu, ümumxalq səsvermədə yeni Konstitusiyanın qəbul edildiyini və hərtərəfli islahatlara start verildiyini xüsusi qeyd edib. Həmçinin ölkəmizin dünya ölkələri ilə qarşılıqlı ehtiram, daxili işlərə qarışmama kimi prinsiplər əsasında xoş əlaqələr qurduğu bildirilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan diplomatı problemlə əlaqədar qəbul edilmiş beynəlxalq sənədlərdə işğalçı Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından çıxmasının və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin tələb edildiyini yada salaraq, işğalın hələ də davam etməsinə rəğmən ölkəmizin rəhbərliyinin münaqişənin sülh yolu ilə həll etməyə çalışdığına və xalqımızın bir qarış torpağı belə güzəştə verməyəcəyinə dinləyicilərin diqqətini yönəlib.  

Səfir R.Rzayev ulu öndər Heydər Əliyevin əsasını qoyduğu kursun bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qonaqların nəzərinə çatdıraraq, dövlətimizin enerji və nəqliyyat sektorunda strateji layihələrin həyata keçirilməsi nöqteyi-nəzərindən qlobal əhəmiyyətə malik regional mərkəzə çevrildiyini məmnunluqla qeyd edib, milli iqtisadiyyatımız barəsində yeni göstəriciləri təqdim edib. Bu xüsusda, qeyd edilib ki, Azərbaycan Dünya Bankının “Doing Business 2019” hesabatında 25-ci yerə yüksəlib və ən islahatçı 10 ölkə sırasında yer alıb. Tək 2019-cu ilin ilk rübündə milli iqtisadiyyatımıza 2.8 milyard ABŞ dolları sərmayə yatırılıb, bunun 2 milyard ABŞ dolları qeyri-neft sektoruna qoyulub. ÜDM 3%, sənaye istehsalı 4.4%, kənd təsərrüfatı 3.6%, əhalinin gəlirləri 5.5% artıb. Eyni zamanda Prezident İlham Əliyevin sayca dördüncü “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nı qəbul etdiyi barədə məlumat verilib.

Bu gün Azərbaycanın müstəqil dövlətə xas bütün xüsusiyyətlərə malik olduğuna diqqət yetirən səfir R.Rzayev İordaniya ilə ikitətərəfli əlaqələrə keçid alıb. Bu xüsusda, Azərbaycan diplomatı 1994-cü ilin dekabrında Mərakeşin Kasablanka şəhərində keçirilmiş İƏT (o zaman İKT) Dövlət və hökumət başçılarının Zirvə görüşü çərçivəsində ulu öndər Heydər Əliyev və Kral Əl-Hüseyn bin Talal arasında baş tutan tarixi görüşün iki qardaş ölkə və xalq arasında əlaqələrin güclü təməlini qoyduğunu ziyafət iştirakçılarının diqqətinə çatdırıb, bu əlaqələrin layiqli davamçılar Prezident İlham Əliyev və Kral II Abdullah İbn Əl-Hüseyn arasında dostluq və qardaşlıq əlaqələri fonunda uğurla inkişaf etdiyini xüsusi qeyd edib. Həmçinin ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində əldə edilən nailiyyət və uğurların gələcəkdə yüksələn xəttlə davam edəcəyinə dair ümid ifadə edilib.

Ardınca Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə keçən səfir R.Rzayev müasir Azərbaycanın düşünülmüş və müdrik xarici siyasətinin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu bildirərək, Ulu Öndərin hakimiyyəti illərində Azərbaycan diplomatiyasının işğalçı Ermənistanla atəşkəsə nail olduğunu, ölkəmizin uğurlu sosial-iqtisadi və ordu quruculuğunu təmin etməyə, bununla da dövlətimizi Cənubi Qafqaz regionunda qlobal layihələrin gerçəkləşdirilməsi məsələsində söz sahibinə çevirməyə müvəffəq olduğunu özəlliklə qeyd etdib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam edən həmin diplomatik kursun Azərbaycanın həm regional, həm də qlobal müstəvidə olan çəkisinin artmasına gətirib çıxardığını vurğulayaraq, səfir ölkəmizin TAP və TANAP, habelə “İpək Yolu İqtisadi Kəmər” layihəsinin bir hissəsi olaraq Şərqlə Qərbi birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi kimi nəhəng layihələrin icra olunduğu mərkəzə çevrildiyini ziyafət iştirakçılarının yadına salıb.

Sonra səfir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəni diplomatiyaya toxunaraq, bu məqamda Fondun böyük əməyi sayəsində paytaxt Bakının multikulturalizm, dini tolerantlıq, sivilizasiyalararası dialoq kimi aktual mövzularda beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.

Səfirin çıxışın ardınca söz Senatda İordaniya-Azərbaycan Dostluq qrupunun sədri, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri doktor Mərvan əl-Hmuda verilib.

Çıxışında senator ilk növbədə qonaqların diqqətini uğurlu Azərbaycan diplomatiyasının sayəsində dövlətimizin yaxşı nailiyyətlər əldə etdiyinə, habelə qlobal və regional miqyaslarda sanballı yer tutduğuna yönəldərək, bu uğurların tarixi qeydlərdə qızıl hərflərlə yazıdlığını və hər bir Azərbaycan diplomatının bununla fəxr etməli olduğunu xüsusi qeyd edib.

Sonra dr.əl-Hmud bu gün Azərbaycanın bütün sahələrdə şahidi olduğu inkişafın ölkə üçün parlaq gələcək vəd etdiyini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə böyük səylər göstərdiyini dinləyicilərin nəzərinə çatdırıb.

Ölkəmizin müstəqillik tarixinin keçmiş dönəmində bir çox dövlətlər, müqəddiməsində isə müsəlman ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələri qurmağa müyəssər olduğunu vurğulayan senator əl-Hmud dövlətimizin milli və dini zəmində olan münaqişələrdən hər zaman məsafə saxladığını xüsusi qeyd edib, Respublikamızın dinlər və mədəniyyətlər arasında dialoqa dəvət edən tolerantlıq məkanı olduğuna diqqət çəkib.

Sonra natiq Kral Həzrətləri II Abdullah ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev arasında qardaşlıq əlaqələrinin varlığını vurğulayaraq, iki lider arasında qarşılıqlı səfərlərini yada salıb, iki dost ölkə arasında istər regional, istərsə də qlobal məsələlər, xüsusən də Fələstin məsələsi üzrə mövqelərdə uyğunluğun olduğunu ziyafət iştirakçılarının diqqətinə çatdırıb.

O, eyni zamanda qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətini əsas tutaraq, bu səfərlərin iki xalq arasında əlaqələrin və bağlılıqların möhkəmlənməsinə yardımcı olacağını xüsusi qeyd edib və Azərbaycana uğurlar və davamlı ömür arzu etməklə nitqini yekunlaşdırıb.       

Daha sonra qonaqlara ulu öndər Heydər Əliyev və Kral Əl-Hüseyn bin Talalın Kasablanka görüşünün video yazısı, ardınca isə “Azərbaycan Diplomatiyası 100” adlı qısamüddətli sənədli film nümayiş etdirilib.

Bundan sonra ziyafət üçün hazırlanmış tort səfir və əsas qonaq tərəfindən kəsilib, ölkəmizlə bağlı video çarxların müşayiəti ilə istedadlı azərbaycanlı müğənni Ülviyyə Consun ifası altında tədbir davam edib.

Səfirliyin rəsmi ziyafəti barəsində İordaniyanın dövlət televiziyasında süjet efirə getib (https://www.youtube.com/watch?v=Uocs3DWx0Eo). Bununla yanaşı, tədbir İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyinin rəsmi internet səhifəsi, eləcə də aparıcı “Ad-Dustour” və “Al-Rai” qəzetlərinin çap və elektron nüsxələrində, o cümlədən www. orobanews.com, www.ammonnews.net, www.sahafahn.net, www.news-sinaa.com kimi xəbər portalları tərəfindən işıqlandırılıb.

 

 

növbəti xəbər əvvəlki xəbər