2019-11-18
İordaniya Universitetində “Şərq ədəbiyyatı tarixində Nəsiminin yeri” mövzusunda konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına müvafiq olaraq, ölkəmizin İordaniya Haşimilər Krallığındakı Səfirliyi tərəfindən bu ölkənin ən nüfuzlu ali təhsil ocağında - İordaniya Universitetində “Şərq ədəbiyyatı tarixində Nəsiminin yeri” mövzusunda konfrans keçirilib.

Tədbirə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, səfirlik əməkdaşları, habelə tanınmış yazıçılar, universitet müəllimləri, professorlar, tələbələr, media nümayəndələri dəvət edilib. Səfirlik tərəfindən əsas məruzəçi qismində AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Nəsimi yaradıcılığının tədqiqi və tərcüməsi ilə əlaqədar işçi qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva dəvət olunub.

Konfransı giriş sözü ilə açan səfir Rasim Rzayev tədbirdə iştirak etdiklərinə və təşkilatçılığa görə İordaniya Universiteti rəhbərliyinə təşəkkürünü bildirib. O, Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin həyat və fəaliyyəti barədə məlumatın konfrans iştirakçılarına təqdimində, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafında bu cür tədbirlərin keçirilməsinin əvəzsiz yeri olduğunu deyib. R.Rzayev Nəsiminin yubiley tədbirinin keçirilməsinin əsas səbəbinin şairin fəlsəfi fikirlərinin bəşəri dəyərlərə söykənməsi ilə bağlı olduğunu önə çəkib, bəşəriyyətin inkişafında insanın yeri, rolu və mahiyyətinin öyrənilməsinin elmi-fəlsəfi dairələr tərəfindən vacib hesab olunduğunu, Nəsiminin də öz yaradıcılığını bu məsələlərə həsr etdiyini vurğulayıb. Həmçinin səfir R.Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 2007-ci il iyulun 29-da İordaniya Universitetinin fəxri doktoru adının verildiyini xatırladıb, bu hadisənin ölkələrimiz arasında sıx əlaqələrin bariz nümunəsi olduğunu qeyd edib.

İordaniya Universitetinin prorektoru, professor Əhməd Majduba çalışdığı ali məktəbin öndə gedən təhsil ocağı olduğunu, burada azərbaycanlıların da təhsil aldığını xatırladıb, Nəsimiyə həsr edilən konfransın keçirilməsindən şad olduğunu dilə gətirib.

Tədbirdə məruzə ilə çıxış edən S.Şıxıyeva Nəsiminin ədəbi şəxsiyyətinin şöhrətindən bəhs edib, onun Balkan ölkələrindən Hindistan və ərəb torpaqlarına qədər yayılan böyük coğrafiyada söz ustalarına təsirindən, şairin yaradıcılığından danışıb. Əlavə olaraq, tədbirə dəvət olunan yazıçı Sultan Əl Hattab, Ömər Əl Armuti, Muafaq əl Əjnuni dahi şairin həyat və fəaliyyəti haqqında qısa və dolğun məruzələr ilə çıxış ediblər.

Sonda “Nəsimi” filmindən fraqmentlər nümayiş etdirilib.

Böyük marağa səbəb olan konfrans yerli mətbuatda www.orobanews.com , həmçinin universitetin rəsmi internet səhifəsində www.ju.edu.jo  geniş işıqlandırılıb.

 

 

əvvəlki xəbər