2020-03-19
İordaniya Haşimilər Krallığında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!

Məlum olduğu kimi, yeni tip koronavirusun (COVID-19) bir çox ölkələrdə, o cümlədən İordaniyada yayılması müşahidə edilməkdədir.
Koronavirusdan effektiv şəkildə qorunmaq üçün aşağıdakı tövsiyələrə ciddi şəkildə əməl olunmasını xahiş edirik:

• İordaniya dövlət orqanlarının yaydığı məlumat və tövsiyələrin diqqətlə izlənilməsi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət edilməsi.
• Xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadənin məhdudlaşdırılması və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinilməsi.
• Koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomların yarandığı halda təcili tibbi müayinədən keçilməsi.
• Bu məqsədlə Səfirlik tərəfindən müəyyən edilmiş “qaynar xətt”lə (+962770044333, +96265935525) əlaqə saxlanılması.

Eyni zamanda diqqətinizə çatdırırıq ki, konsulluq sahəsində çalışan əməkdaşların, habelə qəbula gələn vətəndaşlar arasında yoluxma riskinin azaldılması məqsədilə,
təcili olmayan konsulluq əməliyyatları təxirə salınır. Vətəndaşların qəbulu yalnız əvvəlcədən müəyyən edilmiş görüş vaxtlarında və tək-tək aparılacaqdır.

Hər hansı fövqəladə vəziyyətlə bağlı məlumatlandırılma və hüquqi yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının Səfirliyin Konsulluq
şöbəsində konsulluq qeydiyyatına alınmaları üçün müraciət etmələri (tel: +96265935525, email: amman@mission.mfa.gov.az) tövsiyə olunur.

növbəti xəbər əvvəlki xəbər