news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 yanvar 2026

Əmmanda 20 Yanvar faciəsinin qurbanları yad edilib

Azərbaycanın İordaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə İordaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələri, ictimaiyyət nümayəndələri, eləcə də səfirliyin əməkdaşları iştirak ediblər.

Anım tədbiri Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən səfir Ş.Abdullayev 1990-cı ilin 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olduğunu qeyd edib, həmin faciənin sovet imperiyasının xalqımızın azadlıq iradəsini boğmaq məqsədilə törətdiyi ağır cinayət kimi qiymətləndirildiyini bildirib. Səfir vurğuayıb ki, dinc əhaliyə qarşı hərbi gücdən istifadə olunması nəticəsində yüzlərlə günahsız insan həlak olub, lakin bu qanlı hadisə Azərbaycan xalqının müstəqillik əzmini daha da gücləndirib.

Ş.Abdullayev qeyd edib ki, 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin həmin dövrdə göstərdiyi qətiyyətli mövqe, hadisələrə obyektiv və prinsipial münasibəti Azərbaycan xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. Heydər Əliyevin rəhbərliyi ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi qiymət verilib, şəhidlərin xatirəsi əbədiləşdirilib.

Səfir eyni zamanda, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın güclü dövlətə çevrilməsinin, milli maraqlara əsaslanan müstəqil siyasətin və ölkənin təhlükəsizliyinin təmin olunmasının 20 Yanvar şəhidlərinin ideallarına sədaqətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim uca tutur və onların mübarizəsi milli yaddaşımızın ayrılmaz hissəsidir.

Tədbirdə çıxış edən diaspor nümayəndələri 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq mübarizəsinin rəmzi olduğunu vurğulayıb, şəhidlərin xatirəsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd ediblər.

Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib, faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti