news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 dekabr 2025

AZƏRTAC ilə “Petra” agentliyi arasında əməkdaşlığın genişləndirilməsi informasiya mübadiləsinə töhfə verəcək

İordaniyanın rəsmi “Petra” Xəbər Agentliyi AZƏRTAC-la açıq və davamlı əməkdaşlığa hər zaman hazırdır.

Bunu “Petra”nın baş direktoru Feyruz Mübaydin Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayevlə görüşdə deyib. Görüşdə Agentliyin İdarə Heyətinin sədri Nabil Gişan da iştirak edib.

Görüşdə “Petra”nın milli informasiya məkanında tutduğu mövqe, eləcə də regional və beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyət barədə məlumat verilib, agentliyin rəsmi, dəqiq və operativ xəbərçilik prinsiplərinə sadiq qalaraq ictimaiyyətin etibarlı informasiya ilə təmin olunmasında mühüm rol oynadığı, həmçinin beynəlxalq xəbər agentlikləri ilə əməkdaşlığın genişləndirilməsinin prioritetlərdən biri kimi müəyyən edildiyi vurğulanıb.

Görüşdə səfir Ş.Abdullayev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fəaliyyət istiqamətləri barədə məlumat verib, AZƏRTAC ilə “Petra” arasında əməkdaşlığın genişləndirilməsinin qarşılıqlı informasiya mübadiləsinin artırılmasına, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

F.Mübaydin İordaniya mətbuatında iki ölkə arasında turizm və investisiya sahələrində əməkdaşlıq imkanlarına dair materialların geniş işıqlandırıldığını qeyd edib, hər iki ölkənin zəngin turizm potensialının və əlverişli investisiya mühitinin media vasitəsilə daha geniş tanıdılmasının qarşılıqlı iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.

Agentliyin İdarə Heyətinin sədri Nabil Gişan çıxışında Azərbaycan və İordaniya arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinə diqqət çəkib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İordaniya Haşimilər Krallığının Kralı II Abdullah arasında yüksəksəviyyəli qarşılıqlı hörmət və əməkdaşlığın ölkələr və xalqlar arasındakı əlaqələrin inkişafına böyük töhfə verdiyini vurğulayıb, həmçinin iki ölkənin beynəlxalq və regional təşkilatlarda bir-birinə göstərdiyi dəstəyi qeyd edərək, bu qarşılıqlı dəstəyin strateji əməkdaşlığın və regional sabitliyin möhkəmlənməsində mühüm rol oynadığını ifadə edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti