Notariat hərəkətləri

Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında notariat hərəkətləri səlahiyyətli vəzifəli şəxslər – konsullar tərəfindən aparılır.

Konsullar aşağıdakı notariat hərəkətlərini aparır:

1) Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və həmin əmlakın girov qoyulması barədə müqavilələr istisna olmaqla əqdləri və etibarnamələri təsdiq edir;

2) miras əmlakın mühafizə olunması üçün tədbirlər görür;

3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;

4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;

5) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;

6) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;

7) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;

8) şəxsin sağ olması faktını təsdiq edir;

9) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir;

10) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;

11) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;

12) öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri  depozitə qəbul edir;

13) icra qeydləri aparır;

14) sənədləri saxlanmaq üçün qəbul edir;

15) dəniz protestləri tərtib edir;

16) sübutları təmin edir.

Bundan başqa konsul əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədlər və məlumatlar tələb edə bilər.

Konsul öz adına və öz adından, ərinin (arvadının), onun və özünün qohumlarının (valideynlərinin, uşaqlarının, nəvələrinin, babalarının, nənələrinin, həmçinin qardaşlarının, bacılarının, əmilərinin (dayılarının), bibilərinin (xalalarının), onların uşaqlarının adına və bu şəxslərin adından, həmin konsul ilə bir yerdə işləyənin adına və onun adından notariat hərəkətlərini apara bilməz.

Notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır.

Notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, konsul imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn ona müvafiq dili bilməsi barədə sənəd təqdim edən tərcüməçi tərəfindən tərcümə edilir.

Əgər şəxs sənədin tərtib olunduğu dili bilmirsə, o, sənədi ona məlum olan dildə imza edir.

Notariat hərəkəti yalnız onun üçün dövlət rüsumu ödənildikdən sonra aparılır.

Rəsmiləşdirmə

      Konsulluq rəsmiləşdirməsi dedikdə sənədlər və hüquqi aktların rəsmi imza ilə təsdiqi nəzərdə tutulur və bu cür sənədlərin və hüquqi aktların təsdiqlənməsi konsulluğun yerləşdiyi ölkənin qanun və qaydalarına uyğun aparılır. 
      Leqallaşdırma və rəsmiləşdirmə sənədlərin və hüquqi aktların qanuni qüvvədə olmasını təsdiq etməyə xidmət edir. 
      Azərbaycan Respublikası Konsul nizamnaməsinin 54-cü maddəsi ilə konsullara sənədlərin və hüquqi aktların qanunləşdirilməsi fəaliyyətini həyata keçirmək üçün səlahiyyət verilir. 
      Bu rəsmiləşdirmə fəaliyyəti aşağıdakı kimi həyata keçirilir: 
      xaricdə - Azərbaycan Respublikasının konsulluqları və ya səfirliklərinin nəzdindəki konsulluq şöbələri tərəfindən. 
      Azərbaycan Respulikası daxilində - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən. 
      Əgər Azərbaycan Respublikasının qanun və qanunvericiliyi ilə və ya müvafiq xarici dövlətlə Azərbaycan Respublikasının birlikdə tərəfdar olduğu xüsusi beynəlxalq müqavilələrdə başqa şərtlər nəzərdə tutulmayıbsa, xarici ölkə vətəndaşlarının və şirkətlərinin sənəd və hüquqi aktları Azərbaycan Respublikasının rəsmi idarə və təşkilatıarı tərəfindən onlar leqallaşdırdıqdan və rəsmiləşdirildikdən sonra qəbul olunur və tanınır. 
      Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrlə əlaqədar olan sənəd və hüquqi aktları Azərbaycan Respublikası ərazisində rəsmiləşdirilmədən qəbul olunur. 

Azərbaycan Respublikasının konsulluqları və ya səfirliklərinin nəzdindəki konsulluq şöbələri tərəfindən sənədlərin və hüquqi aktların rəsmiləşdirilməsi

      Konsul xarici dövlətin hökumət orqanlarının iştirakı ilə hazırlanmış sənədləri və hüquqi aktları həmin orqanların qəbul etdiyi konsulluq dairəsi daxilində rəsmiləşdirir. 
      Sənədlərin rəsmiləşdirilməsi 

Azərbaycan vətəndaşları üçün;

      Səfirliyə rəsmiləşdirilmək üçün təqdim olunan sənədlər Azərbaycan dilinə rəsmi tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Ərizəçilər sənədlərdə aşağıdakılarln olmasını bilməlidirlər: 
      - Azərbaycan Respublikası XİN-nin təsdiqi 
      - Sənədlər və tərcümələr çap edilməlidir. 

Arxiv üzrə axtarış