Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVAQ)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyət aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşılq vəziyyəti aktlarının dövlət qeydiyyatı diplomatik numayəndəliklərin konsulluq idarələri tərəfindən aparılır.
Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyini də öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınmasına görə bu məqsədlə müraciət etmiş şəxslər “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada və miqdarda dövlət rüsumu ödəyirlər.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları Azərbaycan Respublikasının dövlət dilində yazılır.
-Doğumun qeydə alınması
-Nikahın bağlanmasının qeydə alınması
-Nikahın pozulmasının qeydə alınması
-Atalığın müəyyən edilməsinin qeydə alınması
-Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması
-Övladlığa götürmənin qeydə alınması
-Ölümün qeydə alınması
Doğumun qeydə alınması
İordaniyada daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uşaqlarını doğumu haqqında qeyd müvafiq olaraq Səfirliyin konsulluq bölməsi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir.
Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
1. Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
2. Valideynlərin nikah haqqında şəhadətnaməsi;
3. Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd (tərcümə edilmiş şəkildə) ;
Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrlü hesab edilməsini təqdim olunmuş sənədlər (valideynlərin xəstə olması barədə müalicə müəssisəsinin sənədi, həmin müddətdə uzunmüddətli ezamiyyətdə və ya ölkə hüdudlarından kənarda olmasını təsdiq edən sənəd, valideynlərdən birinin vəfatı ilə bağlı sənədlər və s.) əsasında qeydiyyat işinə məsul şəxs müəyyən edir. Üzrlü hesab edilərsə müvafiq qaydada qeydiyyat aparılır və şəhadətnamə verilir. Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrsüz hesab edilməsi inzibati tənbehin tətbiq edilməsinə əsas verir.
Nikahın qeydə alınması
İordaniyada daimi və ya müvəqqəti yaşayan nigaha daxil olmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün nigahın qeydə alınması Səfirliyin konsulluq bölməsi tərəfindən həyata keçirilir.
Nikaha daxil olmağı arzu edən vətəndaşlar Səfirliyin konsulluq bölməsinə şəxsən yazılı ərizə təqdim etməlidirlər.Ərizədə nikahın bağlanmasına mane olan halların – nikahın yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar) arasında, övladlığa götürənlər və övladlığa götürülənlər arasında, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında, ikisindən biri və ya hər ikisi rühi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında bağlanması hallarının olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu, nikahın bağlanmasından sonra daşımaq istədiyi soyad göstərilməli və ərizə blankında göstərilmiş digər suallara cavab verilməlidir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrində başqa qayda nəzərdə tutulmadıqda, evlənmək arzusunda olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərində onların ailə vəziyyəti barədə qeydin olmamasına əsaslanaraq onlardan vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış tələb edilir. Arayış müəyyən olunmuş qaydada leqallaşdırılmalıdır.
Nikahın qeydiyyatının günü və saatı nikaha daxil olan şəxslərlə razılaşdırılaraq müəyyən edilir.
Nikah Səfirliyin konsulluq məsələləri üzrə məsul əməkdaşı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay tez olmayaraq onların iştirakı ilə bağlanır.
Nikahın qeydiyyatı üçün maneələrin olmasını təsdiq edən sübutlar təqdim edildikdə, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi nikahı bağlamaqdan imtina edir, nikaha daxil olmağı arzu edən şəxslərə bu barədə yazılı surətdə bildirir.
Nikaha daxil olan şəxslərin arzusu ilə nikahın qeydə alınmasında digər şəxslər iştirak edə bilərlər. Nikah haqqında aktın qeydində imza edən şahidlər iki nəfərdən artıq olmamalıdır