2006-cı il
Fəaliyyət
İordaniyanın Xarici İşlər Naziri Abdulilah əl-Xatibin Azərbaycana səfəri (19-22 iyun)
2006-cı ilin 19-22 iyun tarixində İordaniyanın Xarici İşlər Naziri Abdulilah Əl-Xatib İslam Konfransı Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirlərinin 33-cü sessiyasında iştirak etmək məqsədilə Azərbaycana səfər etmiş və iki ölkə arasında əlaqələrin möhkəmlənməsi məqsədilə müvafiq danışıqlar aparmışdır.
İordaniya Kralı II Abdullahın Azərbaycana səfəri (22-23 avqust)
2006-cı ilin 22-23 avqust tarixində İordaniya Kralı II Abdullahın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi danışıqlar İordaniya-Azərbaycan münasibətlərinin inkişafında əlamətdar hadisələrdən olmuşdur. Azərbaycan Prezidenti ilə İordaniya Kralının görüşü zamanı Yaxın Şərqdəki vəziyyət, Fələstin-İsrail, İsrail-Livan münasibətləri, İraq böhranı, Ermənistan-Azərbaycan münaqişəsi və digər beynəlxalq məsələlərə dair müfəssəl fikir mübadiləsi aparılmışdır. Hər iki tərəf Azərbaycan ilə İordaniya arasında əlaqələrin inkişafı və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin və böyük imkanların olduğunu vurğulamışdır. Səfər zamanı əldə olunan razılıqlar Azərbaycan-İordaniya münasibətlərində yeni səhifə açaraq, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasını nümayış etdirmiş və münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirmişdir. Azərbaycan-İordaniya münasibətlərinə hərtərəfli xarakter verilməsi məqsədilə hər iki ölkənin hökumətlərinin iqtisadiyyat, nəqliyyat və ticari-iqtisadi əməkdaşlığının digər sahələrinin inkişafına yönəldilmiş səylərin göstərilməsinə dair razılıq əldə edilmişdir. Prezident İlham Əliyev Əmmanda fəaliyyətə başlayan Azərbaycan Səfirliyinin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə və dərinləşməsinə xidmət edəcəyini bildirmişdir. Səfər zamanı əməkdaşlıq haqqında hökumətlərarası çərçivə sazişi imzalanmışdır.
İordaniya Haşimilər Krallığının Turizm və Əntiq əşyalar Nazirliyinin Baş Katibi Faruk Hədidinin Bakıya səfəri (9-12 sentyabr)
2006-cı ilin 9-12 sentyabr tarixində İslam Konfransı Təşkilatına üzv ölkələrin Turizm nazirlərinin 5-ci toplantısında iştirak etmək üçün İordaniya Haşimilər Krallığının Turizm və Əntiq əşyalar Nazirliyinin Baş katibi Faruk Hədidi Bakıya səfər etmişdir. Səfər zamanı Azərbaycanın Mədəniyyət və turizm naziri Ə.Qarayev F.Hədidini qəbul etmiş və görüşdə Azərbaycan ilə İordaniya arasında turizm sahəsində əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Respublikasının Müdafiə Nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş qərargah rəisi general-polkovnik N.Sadıqovun İordaniyaya səfəri (10-13 oktyabr)
2006-cı ilin 10-13 oktyabr tarixində Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş qərargah rəisi general-polkovnik N.Sadıqovun başçılıq etdiyi nümayəndə heyəti İordaniyaya səfər etmişdir. Səfər zamanı N.Sadıqov Kral II Abdullah tərəfindən qəbul edilmiş və tərəflər hərbi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmişlər. N.Sadıqovun İordaniya Krallığının Baş Naziri, Müdafiə naziri M.Baxit ilə görüşündə ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı, müdafiə sənayesi sahəsində konkret əməkdaşlıq formalarının yaradılması imkanları müzakirə edilmişdir. N.Sadıqov İordaniya Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri X.Sarayrah ilə ölkələrimizin hərbi, hərbi-texniki sahədə əlaqələrinin genişləndirilməsi barədə danışıqlar aparmışdır.
İordaniyanın Baş naziri M.Baxitin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri (5-8 noyabr)
2006-cı ilin 5-8 noyabr tarixində İordaniyanın Baş naziri M.Baxitin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Nümayəndə heyətinin tərkibinə Krallığın hökumət üzvləri (İordaniyanın Xarici İşlər, Sənaye və Ticarət, Energetika və Mineral ehtiyatlar, Nəqliyyat, Beynəlxalq əlaqələr və planlaşdırma nazirləri), Nazirlər Kabineti və XİN-in vəzifəli şəxsləri, Ticarət və Sənaye Palatalarının rəhbərləri daxil edilmişlər. Baş naziri İordaniyanın 30-a yaxın iri şirkətlərinin rəhbərləri və nümayəndələri müşayiət etmişlər. İordaniya nümayəndə heyəti Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş və Azərbaycanın Baş naziri və hökumət üzvlərilə görüşlər keçirmişdir. Tərəflər iqtisadi əməkdaşlıq məsələlərilə yanaşı bir sıra əhəmiyyət kəsb edən digər məsələləri də müzakirə etmişlər. Səfər çərçivəsində həmçinin, Azərbaycan-İordaniya Hökumətlərarası Müştərək Komissiyanın yaradılması və Krallığın Bakıda səfirliyinin açılması imkanları ətrafında fikir mübadiləsi aparılmış, o cümlədən əməkdaşlığın müxtəlif sahələrini əhatə edən beş saziş imzalanmışdır. İordaniya nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakı İdman Sarayında Azərbaycan-İordaniya Biznes Forumu və İordaniyada istehsal olunan məhsulların nümayişinə həsr edilən Sərgi də keçirilmişdir.
Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavini R.Usubovun başçılıq etdiyi nümayəndə heyətinin İordaniyaya səfəri(10-14 dekabr)
2006-cı ilin 10-14 dekabr tarixində İordaniyada (Ölü dəniz sahilində) Kral II Abdullahın himayəsi altında keçirilmiş Korrupsiyaya qarşı BMT Konvensiyasının üzv ölkələri Konfransının I-ci sessiyasında iştirak etmək üçün Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavini R.Usubovun başçılıq etdiyi nümayəndə heyəti İordaniyaya səfər etmişdir. R.Usubov Konfransda çıxış etmiş və Respublikamızda korrupsiyaya qarşı aparılan mübarizə, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında geniş məlumat vermişdir. R.Usubov İordaniyanın Ədliyyə naziri Ş.Zubi ilə görüş keçirmiş və tərəflər görüşdə hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etmişlər.
İordaniyanın Mülki Aviasiya təşkilatının nümayəndə heyətinin Azərbaycana səfəri (26-28 dekabr)
2006-cı ilin 26-28 dekabr tarixində İordaniyanın Mülki Aviasiya təşkilatının nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər zamanı Bakı-Əmman birbaşa hava xəttinin açılması imkanlarının müzakirəsi və praktiki həlli məqsədilə danışıqlar keçirilmişdir. Səfər çərçivəsində “Azərbaycan Hava Yolları” Dövlət Konserni və İordaniyanın “Mülki Aviasiya” təşkilatı arasında Anlaşma Memorandumu imzalanmışdır.
İMZALANMIŞ SƏNƏDLƏR
1. “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq haqqında çərçivə Sazişi” (23.08.2006 tarixində Bakıda imzalanmışdır.);
2. “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət Sazişi” (07.11.2006 tarixində Bakıda imzalanmışdır.);
3. “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” (07.11.2006 tarixində Bakıda imzalanmışdır.);
4. “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə İordaniya Ticarət və Sənaye Palataları arasında əməkdaşlıq haqqında Saziş” (07.11.2006 tarixində Bakıda imzalanmışdır.);
5. “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq üzrə Saziş” (07.11.2006 tarixində Bakıda imzalanmışdır.);
6. “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) ilə İordaniya Biznesin İnkişafı Korporasiyası arasında Anlaşma Memorandumu” (07.11.2006 tarixində Bakıda imzalanmışdır.);
7.“Azərbaycan Hava Yolları Dövlət Konserni ilə İordaniyanın Mülki Aviasiya Departamenti arasında Anlaşma Memorandumu” (27.12.2006 tarixində Bakıda imzalanmışdır.);