2014-05-14

Yusif əl-Musa: Azərbaycan ilə İordaniya arasında münasibətləri dostluq və tərəfdaşlıq nümunəsi kimi səciyyələndirmək olar

Əmman, 16 may (AzərTAc). Bu gün Azərbaycan ilə İordaniya arasında yaranmış münasibətləri yüksələn xətt üzrə inkişaf edən dostluq və tərəfdaşlıq nümunəsi kimi səciyyələndirmək olar.
Bu sözləri İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, sahibkar Yusif əl-Musa bu fikri AzərTAc-ın müxbirinə müsahibəsində söyləmişdir. Onun sözlərinə görə, xalqlarımızı və ölkələrimizi bağlayan ənənəvi dostluq və əməkdaşlıq telləri son illərdə dinamik şəkildə inkişaf edir və bu münasibətlərin gələcəyi daha da yaxşı olacaqdır.
O demişdir: “Böyük siyasi xadim və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günündə Əmmanda onun adını daşıyan küçədə Heydər Əliyev adına fəvvarə açılması xalqlarımız, ölkələrimiz arasında dostluğun, məhəbbətin və əməkdaşlığın rəmzi hesab edilə bilər. Şübhəsiz, bu hadisə həm Azərbaycan, həm də İordaniya üçün çox böyük əhəmiyyət kəsb edir. Biz Azərbaycanın səfiri Sabir Ağabəyova və səfirliyə İordaniyadakı fəal işlərinə görə təşəkkür edirik”.
Yusif əl-Musa onu da qeyd etmişdir ki, bu gün Azərbaycan hər cəhətdən sürətlə inkişaf edən dövlətlərdən biridir. O demişdir: “Biz Azərbaycanda bütün istiqamətlərdə böyük tərəqqini və dinamik, qurucu inkişafı məmnuniyyətlə müşahidə edirik. Ölkə iqtisadiyyatında, sənayenin və istehsalın artımında, ticarət, turizm və digər sosial-iqtisadi sahələrdə qazanılan uğurlar sayəsində Azərbaycanın nəinki regionda, hətta dünyada mövqeləri möhkəmlənmişdir. Azərbaycanda həyata keçirilən geniş miqyaslı layihələr, qlobal əhəmiyyətli iri beynəlxalq tədbirlər xüsusilə cəlbedicidir. Bir sözlə, Azərbaycan tərəqqi və firavanlıq yolu ilə irəliləyir və bu, Azərbaycanın dostlarını sevindirir”.
İordaniya-Azərbaycan dostluq cəmiyyətinin üzvü onu da bildirmişdir ki, Azərbaycan səfiri S.Ağabəyov ölkələrimiz arasında münasibətlərin inkişafına və dərinləşməsinə böyük töhfə verir. O, İordaniya ictimaiyyətinin nümayəndələrini dostluq cəmiyyətində sıx birləşdirməyə, səfirlik ilə ölkənin siyasi elitası arasında, həmçinin Azərbaycan diasporu ilə İordaniya sakinləri arasında sıx əlaqə yaratmağa nail olmuşdur. Yusif əl-Musa demişdir: “Şübhəsiz, bu, bizim qardaşlıq və dostluq münasibətlərimizin daha da dərinləşməsi üçün böyük əhəmiyyət kəsb edir, çünki biz ürəkdən arzu edirik ki, ölkələrimiz arasında əlaqələr bundan sonra da möhkəmlənsin və inkişaf etsin”.
Yusif əl-Musa qeyd etmişdir ki, cəmiyyətin üzvləri Azərbaycan üçün əhəmiyyət kəsb edən bütün tədbirlərdə fəal iştirak edir və tez-tez İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin yerləşdiyi Dostluq Evində toplaşırlar. Onun sözlərinə görə, bu dostluq evi sovet və Rusiya ali məktəblərinin bütün məzunları üçün, bizim gözəl ölkəmizi sevənlərin, onunla dostluğu qiymətləndirənlərin hamısı üçün doğma məkana çevrilmişdir.
İordaniyalı sahibkar onu da bildirmişdir ki, ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial vardır.
İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Yusif əl-Musa demişdir: “Biz ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin intensivləşməsini, əmtəə dövriyyəsinin həcminin artmasını arzu edirik, çünki ticarət Azərbaycan ilə İordaniya arasında qarşılıqlı faydalı münasibətlərin inkişafının əsas elementlərindən biridir. Ümidvarıq ki, hər iki ölkənin rifahı naminə müştərək layihələrin planlaşdırılması və həyata keçirilməsi üçün nümayəndə heyətlərinin və biznesmenlərin səfərlərinin sayı artacaqdır. Hər iki istiqamətdə turizm axınının da artırılması üçün yaxşı imkanlar vardır, çünki həm İordaniya, həm də Azərbaycan qədim və zəngin mədəniyyətə və tarixə, unikal təbiətə, mədəniyyət və memarlıq abidələrinə malik olan ölkələrdir. Biz azərbaycanlı turistləri İordaniyanın unikal yerləri– qədim Petra şəhəri, Ölü dəniz, İsa peyğəmbərin xaç suyuna salındığı yerə və əhəmiyyəti bunlardan heç də az olmayan turizm zonaları ilə tanış olmağa dəvət edirik. Turist qruplarının mübadiləsinə ümid bəsləyirik, çünki bu sahədə böyük potensial vardır və onun inkişaf etdirilməsi zəruridir. Ümumiyyətlə, Azərbaycanla İordaniya arasında bütün sahələrdə daha sıx qarşılıqlı əlaqələr üçün böyük imkanlar, hər iki xalqın bir-birinə yaxınlaşmaq və hərtərəfli əməkdaşlıq etmək arzusu və istəyi vardır”.



 

Arxiv üzrə axtarış