2015-06-15

Azərbaycan silahlı qüvvələrinin nümayəndələri xüsusi təyinatlı qüvvələrin Əmmanda keçirilən “SOFEX-2014” beynəlxalq sərgisinin işində iştirak edirlər

Bu gün İordaniya Kralı II Abdulla Əmmanda xüsusi təyinatlı qüvvələrin “SOFEX-2014” beynəlxalq sərgisini açmışdır. Bu sərgi 1996-cı ildən bəri Kralın himayəsi ilə iki ildə bir dəfə keçirilir. 

Builki beynəlxalq tədbirdə Azərbaycan Müdafiə Nazirliyinin təmsilçilərindən ibarət genral-mayor Elşad Babayevin başçılıq etdiyi nüfuzlu nümayəndə heyəti də iştirak edir. Sərginin açılış mərasiminin iştirakçıları arasında Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov da vardı.
Dünyada ilk və Yaxın Şərqdə yeganə olan bu sərgidə xüsusi təyinatlı qüvvələr üçün texniki avadanlıq və təhlükəsizliyin təmin edilməsi sahəsində nailiyyətlər nümayiş etdirilir. Builki sərgidə dünyanın müxtəlif ölkələrindən 371 şirkət iştirak edir.

Yaxın gələcəkdə müasir ordunun əsasını təşkil edəcək ən yeni texnologiyaların müzakirəsi, habelə beynəlxalq təhlükəsizliyin və sülhün möhkəmlənməsi naminə səylərin əlaqələndirilməsi və təcrübə mübadiləsi üçün əlverişli məkan hesab edilən bu sərginin keçirilməsinə İordaniya çox böyük əhəmiyyət verir.
Sərgidə xüsusi təyinatlı qüvvələr üçün nəzərdə tutulan müasir müdafiə vasitələri istehsalı üzrə ixtisaslaşan aparıcı şirkətlərin məhsulları nümayiş etdirilir. Ən iri ekspozisiyalar İordaniya, ABŞ, Böyük Britaniya, Türkiyə, Fransa, Kanada, Polşa, Almaniya və Rusiya şirkətləri tərəfindən təqdim edilmişdir.
Sərginin əsas tematik bölmələri bunlardır: rabitə vasitələri, antiterror əməliyyatları üçün avadanlıq, minalardan təmizləmə vasitələri, çevik əməliyyat qüvvələri üçün avadanlıq və texnika, yeni silah növləri, şəxsi heyətin yerinin dəyişdirilməsi üçün nəqliyyat vasitələri, hərbi-səhra tibb avadanlığı, yerüstü naviqasiya sistemləri və digər müasir texnika növləri.
Sərginin açılışında İordaniyanın xüsusi təyinatlıları nümunəvi çıxışlar etmişlər. Onlar terrorizmə qarşı mübarizə sahəsində öz vərdişlərini, həmçinin ən müasir yerüstü və hava antiterror texnikasını nümayiş etdirmişlər.
Pavilyonlarda və açıq meydançada təşkil edilmiş ekspozisiyanın ümumi sahəsi 75 min kvadratmetrə bərabərdir.

 

Arxiv üzrə axtarış