2015-04-25

İordaniya Senatının sədri Azərbaycana səfərə dəvət edilmişdir

Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov İordaniya Haşimilər Krallığı Senatının sədri Abdur-Rauf Ravabdeh ilə görüşmüşdür.
Görüşdə İordaniya-Azərbaycan münasibətlərinin müxtəlif aspektləri müzakirə edilmişdir. Senatın sədri A.Ravabdeh İordaniya ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərindən söhbət açaraq bildirmişdir ki, ötən dövrdə ən yüksək səviyyədə qarşılıqlı səfərlər həyata keçirilmiş, bir sıra tədbirlər reallaşdırılmışdır. İordaniya Senatı ilə Azərbaycan Milli Məclisi arasında xoş təmasların mövcud olduğunu bildirən A.Ravabdeh, bir neçə ay əvvəl Senat sədri seçilməsi münasibətilə Oqtay Əsədovdan təbrik məktubunu almasını böyük məmnunluqla ifadə etmişdir.
Səfir S.Ağabəyov Azərbaycan-İordaniya əlaqələrindən bəhs edərək, ölkələrimiz arasında 40-a yaxın müqavilənin imzalandığını, mütəmadi olaraq müxtəlif səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini diqqətə çatdırmışdır. Ötən ilin iyununda Senat tərəfindən Xocalı soyqırımının tanınması haqqında bəyanatın verilməsini böyük məmnunluqla xatırladan diplomat, bu bəyanatın ölkələrimiz arasında mövcud dostluq və qardaşlığın möhkəmliyinin bariz nümunəsi olduğunu bildirmişdir. Səfir, həmçinin İordaniya Senatında yeni yaradılmış Azərbaycan üzrə Dostluq Qrupunun fəaliyyətinin ölkələrimiz arasındakı münasibətlərə öz töhfəsini verəcəyinə ümidvar olduğunu vurğulamışdır.
Sonra səfir Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə bu ilin aprelin 27-29-da Bakıda keçiriləcək II Cənubi Qafqaz Forumuna dəvət məktubunu A.Ravabdehə təqdim etmişdir.
Dəvəti məmnuniyyətlə qəbul edən A.Ravabdeh Forumda Azərbaycan üzrə Dostluq Qrupunun üzvləri ilə birlikdə iştirakı barədə rəsmi məktubu səfirə təqdim etmişdir.

Arxiv üzrə axtarış