2017-05-10

Prezident İlham Əliyev İordaniya parlamentinin Nümayəndələr Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravnehin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanla İordaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri əhatə etdiyini və yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin həm siyasi, həm də iqtisadi sahədə çox yaxşı əməkdaşlıq etməsinin önəmini qeyd etdi. Özünün İordaniyaya və İordaniya Kralının Azərbaycana səfərlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı İordaniya Kralı ilə də çox yaxşı əlaqələrinin mövcud olduğunu dedi. Prezident İlham Əliyev Azərbaycanla İordaniyanın bir-birini beynəlxalq təşkilatlarda daim dəstəkləmələrinin əhəmiyyətini vurğuladı.

Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi üçün çox böyük səylər göstərdiyini qeyd edən dövlətimizin başçısı bildirdi ki, bunun növbəti nümunəsi iki gün sonra Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarıdır. Prezident İlham Əliyev İordaniya idmançılarının da bu oyunlarda çox geniş heyətlə iştirak edəcəklərindən məmnun olduğunu dedi. Azərbaycan-İordaniya parlamentlərarası əlaqələrinin də inkişafının razılıq doğurduğunu deyən Prezident İlham Əliyev Atef Yusif Saleh əl-Taravnehin parlament üzvlərindən ibarət böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin uğurlu olacağına, azərbaycanlı həmkarları ilə səmərəli danışıqlar aparacaqlarına və bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

İordaniya parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravneh İordaniya Kralı II Abdullahın salamlarını dövlətimizin başçısına çatdırdı. Atef Yusif Saleh əl-Taravneh dedi: “Biz ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri ilə fəxr edirik. Hesab edirik ki, biz bu münasibətlərdən istifadə edərək regional və beynəlxalq müstəvidə cərəyan edən proseslərə öz müsbət töhfəmizi verə bilərik”.

Ölkəmizdə görülən genişmiqyaslı tədbirlərə toxunan iordaniyalı qonaq dedi ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən böyük işlər İordaniyada maraqla izlənilir.

Görüşdə ölkələrimiz arasında turizm, sərmayə qoyuluşu, idxal-ixrac, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı İordaniya Kralı II Abdullahın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş etdi.

Arxiv üzrə axtarış