2018-04-19

Ölkəmizin İordaniyadakı səfiri R.Rzayev 18 aprel 2018-ci il tarixində İordaniya Senatının sədri Feysal Akif Fayez ilə görüş keçirib.

Səmimi salamlaşmadan sonra Senatın sədri Azərbaycan Respublikasının İordaniyada yeni səfiri təyin edilməsi münasibətilə səfir R.Rzayevi təbrik etmiş, xoş arzularını bildirmişdir.

F.A.Fayez 11 aprel tarixində ölkəmizdə keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbriklərini ifadə etmiş, bu münasibətlə Kral II Abdullahın dövlət başçımıza ünvanladığı təbrik məktubunun əhəmiyyətini vurğulamışdır. İordaniya-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edən Senat sədri Kral II Abdullah ilə Prezident İlham Əliyev arasındakı şəxsi dostluq əlaqələrinin ikitərəfli münasibətlərə müsbət təsirini xüsusilə qeyd etmişdir. O, ötən ilin mart ayında V Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olduğunu, səfər çərçivəsində Milli Məclisin sədri O.Əsədovla görüşünü məmnunluqla xatırlamışdır.

Sədr Yaxın Şərq regionunda baş verən gərgin siyasi proseslər, xüsusilə bir milyon 300 min suriyalı qaçqının İordaniyada məskunlaşması, İraq və Suriya ilə ənənəvi ticarət əlaqələrinin kəsilməsi səbəbindən İordaniyanın qarşılaşdığı iqtisadi çətinliklər barədə məlumat vermiş, ölkəsinin investisiya qoyuluşuna ehtiyaclı olduğunu diqqətə çatdırmışdır.

Səfir R.Rzayev təbriklərə və xoş sözlərə görə minnətdarlığını ifadə edərək, Azərbaycan tərəfinin də İordaniya ilə dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirmiş, iki ölkə arasında qarşılıqlı investisiya qoyuluşunu, ticarət əlaqələrinin gücləndirilməsini, Bakı ilə Əmman arasında birbaşa hava xəttinin açılmasını, turizm, təhsil və digər sahələrdəki mövcud əməkdaşlıq imkanlarından daha səmərəli istifadə edilməsini vacib hesab etmişdir. 

Görüşdə 2018-ci ilin birinci rübü ərzində ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin uğurlu inkişafı qeyd edilmiş, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə dövlət başçıları və xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsinin ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əhəmiyyəti vurğulanmışdır. Fevral ayında Əmmanda keçirilmiş Hökumətlərarası Müştərək Komissiyanın 3-cü iclası çərçivəsində imzalanmış Protokoldan irəli gələn tələblər, ikitərəfli əməkdaşlıq zəminində qarşıda duran məsələlər barədə fikir mübadiləsi aparılmışdır. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın səviyyəsindən danışılaraq, Azərbaycanın “Expo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün namizədliyinin İordaniya tərəfindən dəstəklənəcəyinə ümid ifadə edilmişdir.

Səfir R.Rzayev Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi, 2018-ci ilin ölkəmizdə “Cumhuriyyət ili” elan edilməsi barədə məlumat vermiş və bu münasibətlə keçiriləcək təntənəli tədbirdə iştirakla bağlı dəvət məktubunu təqdim etmişdir.

Görüşdə həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın həyata keçirdiyi təcavüzkarlıq və etnik təmizləmə siyasəti, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları, Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal olunduğu, işğal nəticəsində bir milyondan artıq vətəndaşımızın qaçqın və köçkün vəziyyətinə düşdüyü barədə qarşı tərəfə ətraflı məlumat verilmiş, münaqişə ilə bağlı İordaniyanın ədalətli və sabit mövqeyinə, İordaniya Senatının Xocalı soyqırımının tanınması ilə bağlı qəbul etdiyi sənədə görə görə təşəkkür bir daha ifadə edilmiş, İordaniya Senatındakı İordaniya-Azərbaycan Qardaşlıq Komitəsi adından hər il Xocalı soyqırımı günü yerli mətbata bəyanat verilməsi barədə razılığa gəlinmişdir.

          

Arxiv üzrə axtarış