Cari ilin 29 iyun tarixində Səfirliyin inzibati binasında Azərbaycan SSR-nin müxtəlif ali təhsil ocaqlarının məzunları olmuş və bu gün İordaniya Haşimilər Krallığında müəyyən nüfuza sahib olan 70 nəfərdən ibarət iordaniyalı ilə tanışlıq görüşü keçirilib.
Tədbiri çıxış sözü ilə açan səfir R.Rzayev qonaqların Səfirliyimizə gəlməsi üçün dəvəti gəbul etdiklərinə görə onlara öz təşəkkürünü bildirib. Azərbaycana qarşı məhəbbət bəsləyən İordaniya vətəndaşlarının mövcud olmasına dair məmnunluq hissini ifadə edən səfir R.Rzayev, onları mütəmadi olaraq bir araya toplanmasına şərait yaradılacağına və bu adətin gələcəkdə də davam edəcəyinə dair əminliyini bildirib.
Məzunlar adından çıxış edən İordaniyanın Ali və Orta Təhsil Nazirliyində Texniki Mərkəzin Baş direktoru Amjad Nsour və Ekologiya Nazirliyinin Təhlükəli Maddə və Tullantıların İdarə Olunması İdarəsinin müdiri vəzifəsində çalışan Dr. Mohammed Khashashneh öz növbələrində Azərbaycan xalqının qonaqpərvərliyinin baris nümuməsi olan Səfirliyin bu təşəbbüsünü alqışlayaraq onların Səfirliyimizə dəvət olunduqlarına görə öz təşəkkürlərini bildiriblər.
Əlavə olaraq, digər məzunlar da öz növbəsində ölkəmizlə bağlı öz xatirələrini Səfirliyin əməkdaşları ilə bölüşərək, onların ölkəmizdə təhsil aldıqları dövrün unudulmaz olduqlarını qeyd ediblər, hər biri çalışdıqları öz sahələri üzrə özlərinin ikinci vətəni hesab etdikləri Azərbaycana əlindən gələn yardım göstərəcəklərinə dair söz veriblər.