2020-02-26

Cari ilin 26 fevral tarixində Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığının Səfirliyinin inzibati binasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

Türkiyə və Qazaxıstan Respublikaların İordaniyadakı səfirləri İsmayıl Aramaz və Aydarbek Tumatovun, Fələstin Dövlətinin Səfirliyinin Baş müşaviri Hətim Kəyidin, eləcə də senator xanım Təğrid Hikmətin, “Petra” Dövlət İnformasiya Agentliyinin jurnalisti Saleh əl-Ğsunun, yazıçı-publisist Ömər əl-Armutinin və Azərbaycan SSR-də təhsil almış iordaniyalıların qatıldıqları tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ardınca giriş nitqi ilə çıxış edən səfir R.Rzayev Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərdən bəhs edərək, onların amansızcasına qətlinin bütün bəşəriyyətə qarşı cinayət olduğunu xüsusi vurğulamış, qətliamın təfsilatları barəsində mərasim iştirakçılarına məlumat verib.

Davamı olaraq, Azərbaycan diplomatı Xocalı qətliamına bir sıra ölkələrin qanunverici orqanları tərəfindən hüquqi qiymətin verildiyini və bu xüsusda, İƏT Xarici İşlər Nazirləri Şurası, İslam Zirvə Konfransı, Parlament İttifaqının sessiyalarında Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamələrin qəbul edildiyini qonaqların diqqətinə çatdırmış, İordaniya Senatı tərəfindən Xocalı soyqırımına dair qəbul edilmiş bəyanata görə Azərbaycan xalqı adından səmimi təşəkkürünü ifadə edib.

Çıxışı əsnasında səfir, eyni zamanda Dağlıq Qarabağ münaqişəsindən söhbət açaraq, münaqişənin tarixi və nəticələrini xatırlatmış və fürsətdən istifadə edərək, qardaş İordaniyanın dəstəkverici mövqeyini yüksək təqdir edib.

Sonra çıxış edən senator x-m T.Hikmət İordaniya Senatı tərəfindən Xocalı soyqırımına dair qətnamədən söz açaraq, həmin sənədin məzmunu barədə məlumat vermişdir. O, həmçinin Krallığın Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycan dövlətinin yanında olmaqda davam edəcəyini, münaqişənin tezliklə haqqın sahibi olan ölkəmizin xeyrinə həll ediləcəyinə ümidvar olduğunu bildirmiş, müdrik rəhbər Prezident İlham Əliyevə həm münaqişənin çözülməsi, həm də Azərbaycanın inkişafı naminə yorulmaz fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra söz alan yazıçı-publisist, “İordaniya-Azərbaycan əlaqələri” və “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” kitablarının müəllifi Ö.Əl-Armuti münaqişə barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün kütləvi informasiya vasitələri tərifindən təbliğat prosesinin gücləndirilməsinin gərəkliyini vurğulamış, Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törədilmiş cinayəti qınamış və işğalçı Ermənistanla münaqişədə qalib çıxmağımızı arzulayıb. 

Tədbir zamanı qonaqlara Xocalı soyqırımına dair “Bakı Media Mərkəzi” və AR XİN nəzdnində fəaliyət göstərən “Diplomatiya Könüllüləri” tərəfindən hazırlanmış Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş video çarx, və fotosərgi nümayiş etdirilib.

Anım mərasimi ehsan süfrəsi ilə davam edib.

 

 

Arxiv üzrə axtarış