2020-11-19

Əmman şəhərində fəaliyyət göstərən Yaxın Şərq Araşdırmaları Mərkəzi ilə əməkdaşlıqda, cari ilin 17 noyabr tarixində səfir R.Rzayevin “Biz və Dünya” mövzusunda mühazirəsi təşkil edilib.

Qardaş Türkiyə Respublikasının Əmmandakı səfirinin, İordaniyada akkreditə olunan Səfirliklərin diplomatlarının, eləcə də İordaniya Silahlı Qüvvələrinin təqaüddə olan generalları, ali təhsil müəssisələrinin sabiq rektorları, Senatın sabiq və hazırkı üzvləri və Krallığın beyin mərkəzlərinin mütəxəssislərinin iştirakı ilə keçirilmiş mühazirədə səfir ilk növbədə qonaqları salamlayıb və bu mühüm tədbirin təşkilinə görə Mərkəzin rəhbərliyinə təşəkkürünü ifadə edib.

Mühazirənin müqəddiməsində səfir R.Rzayev 10 noyabr tarixində Azərbaycan rəhbərliyi və xalqının rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbəni geniş qeyd etdiyini qonaqların diqqətinə çatdırıb, Ordumuzun Ermənistan rəhbərliyini kapitulyasiya etməyə məcbur etdiyini qabardıb, Ermənistanın öz hərbi avantürasını davam etmiş olacağı təqdirdə, Azərbaycan Respublikasının tətbiq etdirdiyi iqtisadi blokada və regional təcriddən əziyyət çəkən Ermənistan iqtisadiyyatının tamamilə çökmüş olacağını önə çəkib. Həmçinin hərbi əməliyyatlar zamanı Silahlı Qüvvələrimizin Ermənistanın hərbi imkanlarına 2.5 milyard ABŞ dollarından artıq zərər verdiyi xüsusi qeyd edilib.

Sonra səfir “Azərbaycan və Yaxın Şərq” mövzusunda mühazirəsini davam etdirib. Burada Azərbaycan diplomatı ölkəmizin Yaxın Şərq ölkələri ilə əlaqələrindən ümumi bəhs edib, Azərbaycanın Şərqi Qüds paytaxt olmaqla, müstəqil Fələstin dövlətinin yaradılmasını təmin edən iki dövlət prinsipini dəstəklədiyini xatırladıb, Yaxın Şərq regionunda cərəyan edən münaqişələrin və çağırışların tezliklə aradan qalxmasını və bu regiona sülh, əmin-amanlıq, sabitlik və çiçəklənmə arzulayıb.

Ardınca səfir R.Rzayev “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ probleminin kökləri” mövzusuna keçərək, erməni işğalçılarının ötən əsrin 80-ci illərinin sonlarında və 90-cı illərin əvvələrində üçüncü tərəflərin köməyi ilə artıq azad edilmiş torpaqlarımızı işğal etdiklərini, BMT Təhlükəsizlik Şurasının (TŞ) münaqişənin həlli üzrə 4 qətnamə, eləcə də İslam Əməkdaşlıq Təşkilatının (İƏT), Qoşulmama Hərəkatının (QH), Avropa Şurası kimi nüfuzlu beynəlxalq strukturların müvafiq sənədlər qəbul etdiyini yada salıb, sözügedən qətnamələrin məzmunu barədə mühazirə iştirakçılarına məlumat verib.

Eyni zamanda, natiq əksər ermənilərin iddia etdikləri kimi, Dağlıq Qarabağın tarixən Ermənistana məxsus olduğu halda, hansı səbəblərə görə beynəlxalq ictimaiyyətin və Ermənistanın özünün qondarma Dağlıq Qarabağ respublikasını tanımadığını sual etmiş, münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunun təsis edildiyini, 11 ölkənin üzv olduğu adıçəkilən qrupda Türkiyənin də yer aldığını və Rusiya, ABŞ və Fransanın həmsədr ölkə olduğunu xatırladıb.

Yekunda səfir R.Rzayev fürsətdən istifadə edərək, həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində haqq işimizə göstərdiyi davamlı dəstəyə görə, İordaniya Haşimilər Krallığının rəhbərliyi, hökuməti və xalqına təşəkkürünü bildirib, həmçinin erməni işğalçılarının 26 fevral 1992-ci ildə Xocalı şəhərində törətdikləri Xocalı soyqırımını 2013-cü ildə pisləyən bəyanat qəbul etdiyi üçün Senata minnətdarlığını ifadə edib.

Sonra təqdimatla çıxış edən Səfirliyin müşaviri E.Şahhüseynov ilk növbədə müasir Azərbaycanın əsaslarını qoymuş ümummilli lider Heydər Əliyevin enerji strategiyası başda olmaqla, milli inkişaf strategiyasını işləyib hazırladığını yada salıb, enerji strategiyasının milli iqtisadiyyatımıza milyardlarla dollarla ölçülən gəlir gətirdiyini, bunun da həm xalqın rifahının yüksəlməsinə, həm də ordu quruculuğuna müsbət təsirlərini qeyd edib.

Məhz Ulu Öndərin sayəsində 1994-cü ildə “Əsrin Müqaviləsi”nin ərsiyə gəldiyini vurğulayan çıxışçı bu gün ölkəmizin dünyanın enerji və nəqliyyat xəritəsində özünəməxsus yer tutduğuna, Azərbaycan qazının Avropa bazarlarına nəqli üzrə “Şahdəniz-2”, “TANAP” və “TAP” layihələrinin, habelə “Böyük İpək Yolu” layihəsinin təşəbbüskarı olduğuna, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat layihələrinin fəal iştirakçısı olduğuna diqqət çəkib.

Ardınca E.Şahhüseynov Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin düşünülmüş xarici siyasəti nəticəsində dövlətimizin son 17 il ərzində istər daxildə, istərsə də xaricdə əldə etdiyi nəzərəçarpan uğurlara toxunaraq, bu xüsusda, ölkəmizin 155 ölkənin dəstəyi ilə 2012-2013-cü illlərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini və bu dövr ərzində Azərbaycan dövlətinin təşəbbüsü ilə ilk dəfə olaraq TŞ və İƏT-in müştərək iclasının keçirildiyini, o cümlədən ölkəmizin 2011-ci ildə Qoşulmama Hərəkatının üzvlüyünə qəbul edildiyini və 2019-2022-ci illərdə Hərəkata sədrlik edəcəyini xatırladıb.

Təqdimatı əsnasında, həmçinin Azərbaycanın son 17 il ərzindəki sosial-iqtisadi göstəriciləri üzərində ətraflı dayanılmış, koronavirus pandemiyası dövründə dövlətimizin milli iqtisadiyyata dəstək məqsədilə 2 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi ayırdığı, məhz ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambelyasının videokonfrans formatında xüsusi sessiyasının keçirildiyi, pandemiya ilə mübarizədə vahid beynəlxalq səylərə kəskin ehtiyac duyulduğu bir vaxtda yalnız Ermənistanın təşəbbüsümüzün əleyhinə çıxdığı vurğulanıb, Azərbaycanın COVİD-19 qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində maliyyə yardımı təqdim etdiyi, habelə 30-dan yuxarı ölkəyə humanitar yardım göstərdiyi tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra E.Şahhüseynov Azərbaycan-İordaniya əlaqələri üzərində ətraflı dayanıb, bu əlaqələrin möhkəm təməlinin 1994-cü ildə Mərakeşin Kasablanka şəhərində baş tutmuş İƏT Zirvə Görüşü çərçivəsində ümumilli lider Heydər Əliyev və Kral Əl-Hüseyn bin Talal arasında keçirilmiş görüşdə qoyulduğu barədə məlumat verib, ikitərəfli əlaqələrimizin Prezidenti Zati-aliləri cənab İlham Əliyevi və Kral Həzrətləri II Abdullahı birləşdirən dostluq və qardaşlıq əlaqələri fonunda daha da çiçəklənəcəyini arzu edib.

Daha sonra Səfirliyin müşaviri “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ probleminin kökləri” mövzusu ilə əlaqədar təqdimata keçid edib. Burada o, problemin kökləri ətrafında dolğun məlumatlar təqdim etdiyi zaman Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrinə nəzər salıb, Azərbaycan ərazilərinin 1801-ci ildən müasir dövrədək məruz qaldığı fiziki dəyişiklikləri özündə ehtiva edən xəritələrdən istifadə edib və bir sıra tarixçilərin, eləcə də erməni tarxiçisi Anahid Terminasın erməniləri “Türkmənçay övladları” adlandırdıqlarını dinləyicilərin nəzərinə çatdırıb. Həmçinin, Rusiya Çarlığının ardıcıl məskunlaşdırma siyasətinin belə Qarabağdakı demoqrafik vəziyyətə təsir edə bilmədiyi qabardılıb, Çarlığın dövründə nəşr edilən “Kavkazskiy vestnik”ə istinadən 1917-ci ildə bölgənin 58.3%-nin (199 min nəfər) Azərbaycanlı əhalinin, yerdə qalan nisbətin (142 min nəfər) isə ermənilərin payına düşdüyü və 1805-2000-ci illəri əhatə edən diaqram ekranda əks etdirilib.

Ardınca çıxışçı 1921-ci ildə Bolşevik partiyasının Qafqaz Bürosunun qərarını şərh edərkən orada konkret olaraq, Dağlıq Qarabağın, bəzi erməni tarxiçilərinin iddia etdikləri kimi, Azərbaycana verilməsi deyil, məhz Azərbaycanın tərkibində saxlanılması barədə şərtin əks olunduğuna diqqət çəkib, 1923-cü ildə Azərbaycan SSR-nin fərmanı ilə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradıldığını söyləyib.

Davamı olaraq, o, ermənilərin SSRİ dövründə də Dağlıq Qarabağı ilhaq istiqamətində böyük səylər göstərdiyini xüsusi qeyd edib, bu səylərin 1969-1982-ci illərdə yüksək vəzifələrdə fəaliyyət göstərən məhz Heydər Əliyev şəxsiyyətinin mövcudluğu sayəsində iflasa uğradığını vurğulayıb, Ulu Öndərin 1987-ci ildə Sovet Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun siyasətinə etiraz olaraq, bürodakı vəzifəsindən istefa etdikdən sonra ermənilərin Dağlıq Qarabağın ilhaqına dair öz məkrli planlarını icra etməyə başladıqlarını qabartmış və bu xüsusda, tədbir iştirakçılarını hadisələrin xronoloji ardıcıllığı ilə tanış edib.

Təqdimat əsnasında, həmçinin işğalın nəticələri, Xocalı soyqırımı, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in Minsk qrupu barəsində təfsilatlar tədbir iştirakçılarına çatdırılıb, onların diqqəti Ermənistanın qeyri-konstruktiv və riyakar mövqeyi ucbatından Dağlıq Qarabağ münaqişəsinin Rusiya, ABŞ və Fransanın həmsədr olduqları Minsk qrupu formatında 30 il ərzində öz həllini tapa bilmədiyinə yönəldilib.

Azərbaycanın münaqişənin qeyri-ənənəvi yolla həll etməyi istisna etmədiyini xatırladan E.Şahhüseynov bu seçimin Ermənistanın hazırkı baş nazirinin 2018-ci ildə hakimiyyətə gəlişindən sonra daha gücləndiyini qeyd etmiş və 27 sentyabr tarixində ölkənin suverenliyini, ərazi bütövlyünü qorumaq, vətəndaşların təhlükəsizliyini təmin etmək zərurətindən çıxış edən Azərbaycan Ordusunun beynəlxalq humanitar hüquqa tam riayət etməklə, Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində əks-hücum əməliyyatlarına başladığını yada salıb.

O, Ermənistanın həmin əməliyyatlar zamanı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi əldə edilən 3 humanitar atəşkəsi döyüş meydanından kənarda yerləşən ikinci ən böyük şəhərimiz olan Gəncəni, o cümlədən Tərtər, Mingəçevir və digər şəhərləri ballistik raket və kasetli mərmilərlə atəşə tutmaqla, pozduğuna diqqət çəkib, işğalçı qüvvələrin xain və namərd bombalamaları nəticəsində 94 mülki insanımızın həlak olduğunu, 400-dən artıq mülki şəxsimizin isə ağır və orta dərəcəli xəsarət aldığını təəssüflə qeyd edib.

Təqdimatın yekun hissəsində Səfirliyin müşaviri Ali Baş Komandan cənab İlham Əliyevin rənbərliyi altında Şanlı Azərbaycan Ordusunun 44 gündən sonra Ermənistanın baş nazirini kapitulyasiya etməyə məcbur etdiyini, eləcə də işğalçıları və Yaxın Şərq regionunun bəzi ölkələrindən olan muzdluları və Kürd Fəhlə Partiyasının yaraqlılarını işğal edilmiş torpaqlarımızdan iti qovan kimi qovduqlarını bildirib, 10 noyab tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən Birgə Bəyanatın imzalandığını xatırladıb.

Ardınca erməni işğalçılarının məscidlərimizdə donuz saxladıqlarını və Kəlbəcərdəki evləri yandırdıqlarını əks etdirən fotolar şifahi şəhrlə ekranda təsvir etdirilib.

Səfirliyin müşaviri böyük qürur və fəxr hissiylə Azərbaycanın üç on illikdən sonra tarixi ədaləti və Qarabağa nəzarəti bərpa etdiyini bildirib, Yaşasın Ali Baş komandan!, Yaşasın müzəffər Azərbaycan ordusu, eşq olsun Azərbaycan xalqına! sözləri ilə nitqini tamamlayıb.

Təqdimatın sonunda mühazirə iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

 

 

Arxiv üzrə axtarış