2021-10-05

Azərbaycan Dövlət Rəqs Ansamblı Caraş Festivalında iştirak edib

28 sentyabr 2021-ci il tarixində 36-cı Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında Azərbaycan Dövlət Filarmoniyası nəzdində olan Azərbaycan Dövlət Rəqs Ansamblı İordaniyanın qədim Ceraş şəhərinin mərkəzi meydanında konsert proqramı ilə çıxış etmişdir. 

Əvvəlcə Azərbaycan və İordaniya dövlət himnləri səsləndirilmiş, bədii rəhbər, xalq artisti Rüfət Xəlilzadə və kollektivin direktoru əməkdar artist Elçın Qədimovun başçılığı altında rəqs qrupumuzun ifasında “Qarabağ”, “Sarı gəlin”, “Qaytağı”, “Naz eləmə”, “Ağ çiçək”, “Suita”  kimi milli rəqslərimiz iordaniyalı tamaşaçıları, festivala turist qismində gələn digər ölkələrin vətəndaşları, o cümlədən ölkədə yaşayan Azərbaycan icması qarşısında nümayiş etdirilmişdir. İordaniyaya səfərə gələn incəsənət xadimləri böyük maraq və rəğbətlə qarşılanmışdır.

İordaniya mətbuatı milli rəqslərimizi təqdim edən ansamblın ifasının festivalın ən gözəl incəsənət nümunəsi olduğunu yazıb. “Orobanews” nəşrində dərc edilmiş “Azərbaycan ansamblı Caraş səmasına işıq saçdı” sərlövhəli məqalədə qeyd olunub ki, azərbaycanlı incəsənət ustaları mahir ifaları ilə iordaniyalıları və festivalda iştirak edən ərəb ölkələrinin təmsilçilərini heyran qoyublar.

Tədbirin sonunda səfir Eldar Səlimov “Əl-Ray” hökumət qəzetinə müsahibə vermiş, “Əl Ray” qəzetində dərc olunan məqalədə Azərbaycan Dövlət Rəqs Ansamblının konserti yüksək incəsənət nümunəsi və günün əsas mədəniyyət hadisəsi kimi təqdim edilmişdir. E.Səlimov verdiyi müsahibəsində “Caraş festivalı qədim sivilizasiyanın yaşadılması örnəyidir” sözlərini vurğulayaraq, iki dost ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənəcəyinə, incəsənət kollektivlərinin qarşılıqlı səfərlərinin təşkil ediləcəyinə dair ümidlərini ifadə etmişdir.

Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan konsert İordaniya və Azərbaycan xalqları arasında mədəni əlaqələrə daha bir töhfə olub.

          

 

Arxiv üzrə axtarış