2022-01-30

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalı Məhəmməd Xaşəşnehə təqdim edilib.

Cari ilin 30 yanvar tarixində Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Eldar Səlimov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin iordaniyalı məzunu, Krallığın Ətraf Mühit Nazirliyinin Baş katibi (nazir müavini statusu) cənab Məhəmməd Xaşəşneh, o cümlədən “İordaniyada Azərbaycan Universitet və İnstitutlarının Məzunları Klubu”nun idarə heyətinin digər üzvləri ilə görüş keçirib. 

Səfir “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalını cənab M.Xaşəşnehə təqdim edib, ümumilikdə ölkəmizdə təhsil almış məzunların iki ölkə arasında əlaqələrin qurulması işində töhfələrini qeyd edib.

Öz növbəsində, iordaniyalı məzun sözügedən Universitetdə aldığı təhsilin onun gələcək karyerasında böyük rol oynadığını, məhz ölkəmizdə təhsil aldığına görə fəxr etdiyini səfirin diqqətinə çatdırıb.

Digər tədbir iştirakçıları Azərbaycanda təhsilin hər zaman yüksək səviyyədə olduğunu bildirərək, ölkəmizin ali təhsil müəssisələrində təhsil almaq niyyətində olan İordaniya gənclərinin sayının böyük olduğuna diqqət çəkiblər. 

Müstəqillik dövründə ikinci vətənləri olan Azərbaycanın bütün sahələrdə nəzərəçarpan nailiyyətlər əldə etdiyini vurğulayan qonaqlar, həmçinin Azərbaycanla bağlı xoş xatirələrini bölüşüb, qardaş xalqımızın qonaqpərvərliyini daim əziz tutduqlarını və ölkəmizin əsrarəngiz təbiətin cazibədarlığını xüsusi qeyd ediblər.

Arxiv üzrə axtarış