“Müharibənin idarə olunmasının müasir strategiyası. Azərbaycan-Ermənistan müharibəsi 2020 (Dağlıq Qarabağ bölgəsi). Pilotsuz uçuşların müharibəsi” adlı kitabın təqdimat mərasimi keçirilib.
Cari ilin 8 fevral tarixində Səfirliyimizin inzibati binasında, Qətər Milli Müdafiə Kollecinin professoru, Kollecin nəzdindəki Hərbi Strateji Araşdırmalar Mərkəzinin aparıcı mütəxəssisi, təqaüddə olan polkovnik Əzzam Hüseyn əş-Şveyyatın müəllifliyi ilə işıq üzü görən “Müharibənin idarə olunmasının müasir strategiyası. Azərbaycan -Ermənistan müharibəsi 2020 (Dağlıq Qarabağ bölgəsi). Pilotsuz uçuşların müharibəsi” adlı kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən səfir Eldar Səlimov müəllifin böyük əməyini, Azərbaycana olan özəl marağını yüksək qiymətləndirərək, kitaba görə müəllifə öz dərin təşəkkürünü bildirib və bu elmi işin ərəb dünyasının hərbi və siyasi dairələrində geniş maraq doğuracağını istisna etməyib.
Əlavə olaraq, artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin tarixinə nəzər salan səfir Azərbaycan rəhbərliyinin münaqişənin sülh yolu ilə həll edilməsi yönündə apardığı siyasətini xatırladıb, 44 günlük Vətən müharibəsinin səbəbləri və nəticələri barədə bir daha məlumat verib. Eyni zamanda azad edilmiş torpaqlarda bərpa-quruculuq işləri barəsində ətraflı bəhs edib.
Öz növbəsində Ə.Əş-Şveyyat göstərilən diqqətə görə öz təşəkkürünü ifadə edərək, Azərbaycan dövləti və xalqını bu möhtəşəm Qələbə münasibətilə ürəkdən təbrik edib.
Tarixi torpaqlarımızın təcavüzkar Ermənistanın işğalından azad edilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin müdrik siyasətini xüsusi qeyd edən qonaq, müəllifi olduğu kitab haqqında qısa məlumat verib. O, tədqiqat əsərindəki geosiyasi əlaqələr, o cümlədən müxtəlif ölkələrin müharibəyə dair mövqelərinin əks etdirildiyini diqqətə çatdırıb.
Sonda müəllif Azərbaycan Ordusunun ən yüksək və müasir standartlara cavab verdiyini vurğulayıb, bu nailiyyətin Azərbaycan rəhbərliyinin səyləri nəticəsində qazanıldığını söyləyib.