2022-04-18

17 aprel 2022-ci il tarixində İordaniya-Azərbaycan İqtisadi və İnvestisiya Forumu keçirilib

 

Azərbaycan və İordaniyanın iş adamları və müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi, birgə biznes və investisiya layihələrinin reallaşdırılması imkanlarının, ticarət əlaqələrinin inkişafı və İordaniya bazarına çıxış perspektivlərinin müzakirə olunması məqsədilə cari ilin 17-18 aprel tarixlərində AR-in Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri cənab Orxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Əmman şəhərində işgüzar səfərdə olmuşdur.

Səfərin ilk günündə keçirilmiş İordaniya-Azərbaycan İqtisadi və İnvestisiya Forumunda Azərbaycan tərəfindən KOBİA ilə birgə AZPROMO, Sahibkarlar Konfederasiyasının nümayəndələri, eləcə də kənd təsərrüfatı, qida, turizm, səhiyyə və təhsil sektorlarında fəaliyyət göstərən iş adamları, İordaniya tərəfindən isə, İordaniyanın investisiya naziri cənab Xeyri Amr, Sənaye Palatası, Ticarət Palatası və İş adamları Assosiasiyasının rəhbər heyəti ilə yanaşı, ölkənin müxtəlif sahələrini əhatə edən biznes dairələri iştirak etmişlər.

Forumda çıxış edən cənab O.Məmmədov rəhbərlik etdiyi qurum barəsində ətraflı məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi altında son illər ərzində ölkəmizin kiçik və orta biznes mühitinin inkişafı ətrafında müfəssəl danışmış, İordaniya işgüzar dairələrini bu əlverişli imkandan yararlanmağa dəvət etmişdir.

Forumda həmçinin cənab X.Amr, səfir E.Səlimov, İordaniya İş adamları Assosiasiyasının vitse-prezidenti Məhəmməd Bilbeysi çıxış etmiş, hər iki tərəfdən olan digər iştirakçılar müvafiq təqdimatlarını təqdim etmişlər. Çıxışlardan sonra Forum B2B formatında davam etmişdir.

Səfər əsnasında Azərbaycan nümayəndə heyəti, eyni zamanda Krallığın investisiya naziri X.Amr, Sənaye Palatasının sədri Fəthi əl-Cəğbir, rəqəmsal iqtisadiyyat və sahibkarlıq naziri Əhməd Hanandeh, Sahibkarlığın İnkişafı Korporasiyasının rəhbəri Əbdülfəttah əl-Kayed, Sənaye, Ticarət və Təchizat Nazirliyinin baş katibi xanım Dənə Əz-Zoubi və Ticarət Palatasının birinci vitse-prezidenti Camal Rifai ilə ayrı-ayrılıqda görüşlər keçirmişdir.

Bütün görüşlərdə iki dost ölkə arasında biznes, investisiya, ticarət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair qarşılıqlı maraq və hazırlıq ifadə edilmiş, göstərilən sahələrdə mövcud potensial ətrafında fikir mübadiləsi aparılmış, İordaniya iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfər etməsinin əhəmiyyəti hər iki tərəfdən qeyd edilmişdir. 

Səfər zamanı İordaniyanın Sənaye Palatası, Ticarət Palatası və keçirilmiş Forum zamanı İordaniyanın İş adamları Assosiasiyası ilə ümumilikdə 3 (üç) Anlaşma Memorandumu imzalanmışdır.

Arxiv üzrə axtarış