2023-11-07

İordaniyada Azərbaycanın Zəfər Günü qeyd olunub

8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyinin binasında yerli ictimaiyyət nümayəndələri, iş adamları, eləcə də İordaniyadakı Azərbaycan icmasının üzvlərinin iştirakı ilə tədbir keçirilib.

Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi ehtiramla anılması, Azərbaycanın və İordaniyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan ölkəmizin İordaniya Haşimilər Krallığındakı səfiri Eldar Səlimov 8 Noyabr – Zəfər Gününün Azərbaycanın tarixindəki müstəsna əhəmiyyətindən söz açaraq, bu Zəfər Gününə aparan məşəqqətli siyasi və diplomatik yollar haqqında, tarixi Qələbənin xalqımızın milli qürur bayramı, dövlətimizin qüdrətinin təntənəsi olduğunu deyib.

Səfir 30 ildən artıq bir müddətdə işğal altında qalan Vətən torpaqlarının düşmən tapdağından azad olunmasında ön cəbhədə əsgərlərimizin, arxa cəbhədə vətəndaşlarımızın, ölkə hüdülarından kənarda isə soydaşlarımızın həmrəyliyi, dəstəyi və birliyinin böyük əhəmiyyət daşıdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. E.Səlimov 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın imzalanmasından sonra sözügedən sənədin şərtlərinə əsasən Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini, ərazilərimizdən qeyri-qanuni hərbi birləşmələrini çıxarmadığını, daim təxribatlara əl atdığını və nəticə etibarilə milli təhlükəsizlik, ərazi bütövlüyümüz və suverenliyimizə təhdid yaratdığını bildirib və 2023-cü il sentyabrın 19-20-də qəhrəman Ordumuz tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində bu təhdidlərin aradan qaldırıldığını bildirib.

Səfir, həmçinin Ermənistan-Azərbaycan arasında normallaşma prosesinin gedişatı, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, məcburi köçkünlərimizin öz ata-baba yurdlarına qayıdışı ilə bağlı son məlumatları tədbir iştirakçıları ilə bölüşüb, ərazilərimizdə Ermənistan ordusu tərəfindən basdırılmış minaların yaratdığı təhlükəli vəziyyət və onun fəsadlarından bəhs edib.

Sonra İordaniya ictimaiyyət nümayəndələri və Azərbaycan icmasının üzvləri çıxış edərək Azərbaycan dövləti və xalqını Zəfər Günü münasibətilə təbrik edib, bu Qələbəmizin torpaqları işğal altında olan xalqlar üçün xüsusi örnək olduğunu dilə gətirib, dost ölkəmizə və xalqımıza davamlı sülh, əmin-amanlıq və tərəqqi arzulayıblar.

Digər natiqlər, həmçinin İordaniya ictimaiyyətinin də ölkəmizin əldə etdiyi bu şanlı Qələbəyə dəstək verdiyini, azərbaycanlı olduğumuzu biləndə bizi Qələbə və torpaqlarımızın azad olunması münasibətilə təbrik etdiklərini bildiriblər.

Çıxışlardan sonra Zəfər Gününə həsr edilmiş videoçarxlar nümayiş etdirilib.

Arxiv üzrə axtarış