İordaniya mediası: Azərbaycan demokratiya yolunda yeni səhifə açır
İordaniyanın “Petra” dövlət informasiya agentliyinin və “Əl-Məmləkə” televiziya kanalının internet səhifələrində, aparıcı “Əl-Rəy” hökumət qəzetinin elektron versiyasında, eləcə də geniş oxucu kütləsinə malik www.ammonnews.com, www.sarayanews.com, www.jordanzad.com, www.jordanzad.com və www.assabeel.net xəbər portallarında Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkiləri haqqında “Azərbaycan demokratiya yolunda yeni səhifə açır”, “İlham Əliyev növbəti dəfə Azərbaycan Prezidenti seçilib”, “İlkin nəticələr İlham Əliyevin qələbəsini təsdiqləyir” sərlövhəli silsilə məqalələr dərc olunub.
Məqalələrdə Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində 6 milyondan çox seçicinin iştirak etdiyi, ölkənin bütün ərazisində təşkil olunmuş səsvermə zamanı beynəlxalq müşahidəçilərin heç bir qanun pozuntusu ilə rastlaşmadığı qeyd olunub.
Materiallarda, həmçinin İlham Əliyevin seçicilərin təxminən 93 faizinin səsini toplamaqla yenidən Azərbaycan Respublikasının Prezidenti seçildiyi, dövlət başçısının və onun ailə üzvlərinin Xankəndi şəhərində yaradılmış seçki məntəqəsində səs verdikləri vurğulanıb. Yazılarda bildirilib ki, bu prezident seçkilərində azərbaycanlılar Sovet İttifaqının süqutundan sonra ilk dəfə Qarabağda səs veriblər.