2024-01-29

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın baş nazirinin Ordu Günündə səsləndirdiyi fikirlərə dair yerli medianın sualına cavabı

Sual: 28 yanvar tarixində Ermənistanın baş naziri Nikol Paşinyan ordu günü ilə əlaqədar çıxışı zamanı, ölkəmizə qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etdiklərini bildirib. Bu fikirlərə dair şərhiniz nədir?

Cavab: Ermənistan baş nazirinin açıqlaması Azərbaycanla Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə prosesdən fikir yayındırmaq məqsədi daşıyır.

Azərbaycan tərəfinin sözügedən saziş layihəsi üzrə müzakirələr başlanandan etibarən Ermənistan tərəfinin öz Konstitusiyasında, qanunvericilik orqanının bir sıra qərarlarında, eləcə də 44 günlük Vətən müharibəsindən sonra müxtəlif beynəlxalq məhkəmələrə müraciətlərində, rəsmi yazışmalarında və beynəlxalq təşkilatlar çərçivəsində yaydıqları məktublarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialara son qoymağa çağırış etməsinə baxmayaraq, indiyə qədər bu istiqamətdə Ermənistan tərəfindən hər hansı bir əməli addım atılmayıb. Bununla əlaqədar, Ermənistan tərəfinin bu istiqamətdə tədbirlər görmək əvəzinə, heç bir praktiki əhəmiyyəti olmayan təkliflər səsləndirməsi anlaşılmazlıq yaradır və qəbuledilməzdir.

Ermənistanın 30 il ərzində məhz tərəf olduğu ərazi bütövlüyümüzün və suverenliyimizin tanındığı beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozduğu, Azərbaycana qarşı təcavüz törətdiyi, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi hər kəsə məlumdur.

Qeyd edilənləri, habelə Baş nazir Paşinyanın da bildirdiyi kimi, ölkəsinin ciddi hərbiləşmə siyasəti apardığını, son illərdə bir neçə milyard dollarlıq silah tədarükü müqavilələri imzalandığını, hərbi sənayeni inkişaf etdirdiyini nəzərə alaraq, Ermənistanın sülh prosesinə ciddi yanaşdığını iddia etməsi siyasi manipulyasiyadır. Bu kimi qərəzli bəyanatlar bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilikdir.

Azərbaycan öz növbəsində sülh və quruculuq səylərini davam etdirəcək və Ermənistandan da sözdə deyil, əməldə adekvat addımların atılmasını gözləyir.

Arxiv üzrə axtarış