İordaniyanın aparıcı “Əl-Ənbat” hökumət qəzetinin elektron versiyasında, eləcə də geniş oxucu kütləsinə malik www.orobanews.com, www.alsaa.net, www.nayrouz.com, www.johinanews.com, www.alordoon.com və www.nbnjo.com elektron xəbər portallarında Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı ölkəmizin Krallıqdakı səfirliyi tərəfindən yerli mətbuata verilmiş bəyanat əsasında “Azərbaycan Respublikası səfirliyinin Bəyanatı: Xocalı soyqırımı – müasir tarixin ən dəhşətli qətliamı yaddaşlarımızdan heç vaxt silinməyəcək” sərlövhəli məqalə dərc edilib.
Məqalədə Xocalı soyqırımı ilə bağlı tarixi faktlar, həmçinin bu faciənin insanlığa qarşı cinayət olduğu diqqətə çatdırılır. Bildirilir ki, Ermənistan hərbi birləşmələri tərəfindən Xocalıda törədilmiş qırğında 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər həlak olub, 150 nəfər itkin düşüb, 1275 nəfər əsir götürülüb.
Məqalədə, həmçinin Xocalı qətliamına bir sıra ölkələrin qanunverici orqanları tərəfindən hüquqi qiymətin verildiyi və bu xüsusda, İƏT Xarici İşlər Nazirləri Şurası, İslam Zirvə Konfransı, Parlament İttifaqının sessiyalarında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamələrin qəbul edildiyi diqqətə çatdırılır, 2013-cü il iyunun 19-da İordaniya Senatı tərəfindən Xocalı soyqırımına dair qəbul edilmiş bəyanata görə Azərbaycan xalqı adından təşəkkür ifadə edilir. Bundan əlavə, məqalədə ölkəmizin 2023-cü ilin sentyabr ayında Qarabağ bölgəsində uğurla həyata keçirdiyi antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyünü tam bərpa etdiyi bildirilir.