Ermənistanın baş naziri Nikol Paşinyanın “France 24” telekanalına verdiyi müsahibə zamanı səsləndirdiyi iddialara dair şərh
Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın “France 24” telekanalına verdiyi müsahibədə yenidən ölkəmizə qarşı səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaradaraq, sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır.
Almaniya kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra Ermənistan tərəfindən bu kimi açıqlamalar verilməsi və bunun üçün məkanın məhz Fransa olaraq seçilməsi, Almaniyanın səylərinə Ermənistan tərəfindən hörmətsizlik olmaqla, Fransa tərəfindən sülh prosesinə davam edən mənfi təsirlərin göstəricisi kimi qiymətləndirilir.
Guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əməl etmədiyi kimi iddialar mövcud faktların açıq-aşkar təhrif olunması və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.
Son zamanlar kütləvi hərbiləşmə siyasəti aparan, bölgədə 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistan tərəfinin bu addımları ört-basdır etmək məqsədilə, “Qərbi Azərbaycan İcması” üzrə çağırışları, eləcə də məhz Ermənistanın əsassız bəyanatlarına verdiyi cavabları bəhanə kimi gətirərək ölkəmizin müharibəyə hazırlaşdığını iddia etməsi tamamilə əsassızdır.
Suverenlik və ərazi bütövlüyünün tanınmasına, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsində 1991-ci il Alma-Ata bəyannaməsinə, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin qurulması üçün ölkələrin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsiplərinə hörmətlə yanaşılmasının əhəmiyyətinə vurğu edən baş nazir Ermənistanın bu prinsipləri 30 ildən artıq müddətdə pozmasını unudub. Ermənistandan fərqli olaraq, 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycan Ermənistana 5 baza prinsipi əsasında sülh təklif edib. Ermənistan isə ölkəmizə qarşı davam etdirdiyi iddialarla bu prinsipləri pozmaqda davam edir.
Hər kəsə yaxşı məlumdur ki, Ermənistanın Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında və bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların davam etməsi Ermənistan rəhbərliyinin Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında maraqlı olmadığını təsdiq edir.
Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış imkanlardan istifadə etməyə çağırırıq.