İordaniyada Novruz bayramı qeyd edilib
Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyində Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib.
Tədbiri açan səfir Eldar Səlimov qonaqları Novruz bayramı münasibətilə təbrik edib, onlara ruzi-bərəkət, xoşbəxtlik və əmin-amanlıq arzu edib.
Ümummilli Lider Heydər Əliyevin hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi zaman xalqımız tərəfindən Novruzun geniş şəkildə qeyd olunmasına imkan yaratdığını xatırladan səfir qürurla qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun sayəsində bu gözəl bayram dördüncü ildir Qələbə ovqatı ilə qarşılanır.
Səfir Azərbaycanda Novruzun yüksək səviyyədə qeyd edildiyini bildirərək, milli-mədəni irsimizin təbliği istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizin 11 mədəni irsinin, o cümlədən Novruz bayramının UNESCO-nun Ümumdünya İrs Siyahısına salındığını, 2010-cu ildə isə ölkəmizin təşəbbüsü və Novruzu qeyd edən digər ölkələrin dəstəyilə martın 21-nin BMT tərəfindən Beynəlxalq Novruz Günü elan edildiyini bildirib.
Digər çıxışlarda Novruz bayramının xaricdə yaşayan soydaşlarımızın birgə qeyd etməsinin onlarda yurdumuza bağlılıq hisslərini gücləndirdiyi vurğulanıb, bu bayram günlərində bir daha Azərbaycanın ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman övladların əziz xatirəsi ehtiramla yad edilib.
Çıxışlardan sonra Azərbaycan musiqisi səsləndirilib, qonaqlara ləziz təamlar təklif edilib.
Tədbirdə İordaniyanın tanınmış ictimai-siyasi xadimləri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.