2024-12-26

Təyyarə qəzası ilə əlaqədar Səfirlikdə başsağlığı kitabı açılıb

25 dekabr tarixində “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyində başsağlığı kitabı açılıb.    

Səfirliyi ziyarət edən İordaniya Nümayəndələr Palatasının spikeri Əhməd Safadi bu ağır gündə İordaniya dövləti və xalqı adından Azərbaycan hökuməti və xalqına başsağlığı verərək, Krallığın ölkəmizə daim dəstək olmağa hazırlığını ifadə edib.

Bundan əlavə, Səfirliyə gələn İordaniya hökumətinin hazırkı və sabiq üzvləri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri, işgüzar dairələrin təmsilçiləri, o cümlədən İordaniyada yaşayan diasporumuzun üzvləri Azərbaycan dövləti və xalqına başsağlığı veriblər.

Baş vermiş hadisə ilə bağlı məlumat yerli KİV və sosial media şəbəkələrində geniş işıqlandırılıb.

Arxiv üzrə axtarış