İordaniya KİV-lərində Azərbaycanın Zəfər Gününə həsr olunmuş məqalə dərc edilib
Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Eldar Səlimovun İordaniyanın aparıcı “Al-Ənbat” hökumət qəzetinin elektron versiyasında, eləcə də geniş oxucu kütləsinə malik www.ammonnews.com , www.johinanews.com , www.alsaa.net , www.nbnjo.com , www.nayrouz.com , www.marayanews.com və www.cleopatranews.com elektron xəbər portallarında “8 Noyabr - Azərbaycanın Zəfər Günü beynəlxalq hüququn və ədalətin təntənəsi günüdür” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə dünya azərbaycanlılarının milli qürur və ləyaqət günü olan 8 Noyabr-Zəfər Gününün Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda böyük sevinc və təntənə ilə qeyd edildiyi, Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində düşmən ordusunu məhv edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyi qeyd edilib.
Məqalədə, həmçinin böyük Qələbədən sonra Azərbaycanın qarşısında duran işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası, eləcə də minalardan təmizlənməsi, onilliklər boyu fundamental hüquqları pozulmuş azərbaycanlı məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasının təmin edilməsi kimi mühüm vəzifələrdən, eləcə də vaxt, maliyyə və ciddi səylər tələb edən bu prosesdə Azərbaycanla bərabər, dost və tərəfdaş ölkələrin də işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi prosesində iştirak etməsindən bəhs edilib.
Yazıda 2023-cü il sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumlarına cavab olaraq Azərbaycan Ordusu tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri barədə məlumat verilib və bu əməliyyatların beynəlxalq humanitar hüquq normalarına tam uyğun olaraq yüksək dəqiqlikli sursatlardan istifadə etməklə legitim hərbi hədəflərin zərərsizləşdirilməsinə yönəldiyi qeyd edilib.
Məqalədə Azərbaycanın Ermənistan ilə münasibətlərin normallaşması istiqamətində danışıqlar aparmağa hazır olduğu və bu istiqamətdə indiyə qədər təkliflər və təşəbbüslərlə çıxış etdiyi vurğulanıb, eyni zamanda, Qarabağ ərazisində yaşayan erməniəsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına hökumət tərəfindən hərtərəfli təminatın verildiyi bildirilib.
Yazıda, həmçinin bölgədə gələcək sülhün və təhlükəsizliyin təmin edilməsi üçün hazırkı mərhələdə üçtərəfli razılaşmaların tam şəkildə həyata keçirilməsinin və beynəlxalq hüquq normalarına, xüsusən də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət etmək əsasında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının vacibliyi qeyd edilib.